Yol qəzalarının acı mənzərəsi: Hər rəqəmin arxasında bir insan var VİDEO

19.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il noyabr ayının üçüncü bazar günü Ümumdünya Yol Qəzası Qurbanlarının Anım Günü kimi qeyd olunur. Bu gün yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirən insanların xatirəsini yad etmək, xəsarət alanların və yaxınlarını itirən ailələrin yaşadığı ağrılara diqqət çəkmək məqsədi daşıyır. Anım günü həm də cəmiyyətə mühüm bir mesaj verir: yol hərəkəti təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, hər bir sürücünün və piyadanın məsuliyyətidir.

Avtosfer.az xəbər verir ki, Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində insan tələfatı hələ də ciddi narahatlıq doğuran məsələlərdəndir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkənin avtomobil yollarında 1252 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin hadisələr nəticəsində 689 nəfər həyatını itirib, 1026 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən illə müqayisədə qəzaların sayında azalma müşahidə olunsa da, yüzlərlə insanın həyatını itirməsi problemin miqyasını bir daha ortaya qoyur.

2026-cı ilin ilk doqquz ayının statistikası da problemin aktuallığını qoruduğunu göstərir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 838 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 500 nəfər ölüb, 640 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 7,4 faiz, zərərçəkənlərin ümumi sayı isə 9,8 faiz azalıb. Bununla belə, statistikadakı azalma hər gün yollarda insan həyatının risk altında olduğu reallığını dəyişmir.

Diqqətçəkən məqamlardan biri də qəzaların başvermə şəraiti ilə bağlıdır. Hadisələrin böyük hissəsinin yaşayış məntəqələrində qeydə alınması şəhər və rayon yollarında təhlükəsizlik tədbirlərinin əhəmiyyətini artırır. Xüsusilə piyadaların iştirakı ilə baş verən qəzalar sürücülərin diqqətli olmasının, sürət həddinə əməl etməsinin və piyada keçidlərinə yaxınlaşarkən ehtiyatlı davranmasının vacibliyini göstərir.

Sürət həddinin aşılması, sükan arxasında mobil telefondan istifadə, yorğun və ya sərxoş vəziyyətdə avtomobil idarə edilməsi ağır yol qəzalarına səbəb olan əsas risklərdəndir. Təhlükəsizlik kəmərindən istifadə, məsafənin qorunması, yol nişanlarına və nişanlanma xətlərinə əməl edilməsi isə faciələrin qarşısını almaqda mühüm rol oynayır. Eyni zamanda, piyadalar da yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına qəfil çıxmamalıdır.

Ümumdünya Yol Qəzası Qurbanlarının Anım Günü bir daha xatırladır ki, yol qəzası sadəcə statistika deyil, arxasında dağılan ailələr, yarımçıq qalan arzular və ömürlük sağalmayan yaralar olan faciədir. Bu faciələrin qarşısını almaq üçün hər kəs öz məsuliyyətini dərk etməli, yollarda ehtiyatsızlığa və qayda pozuntularına yol verməməlidir. Çünki yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq deyil, ilk növbədə insan həyatını qorumaq deməkdir.

Bu günlə əlaqədar 1994-cü ildə ağır qəzada övladını itirən əməkdar müəllim Fəridə Süleymanova və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkilinin təbliği və ictimai qu­rumlarla əlaqə bölməsinin ins­pektoru, polis kapitanı Pərvanə Muradova ilə həmsöhbət olduq. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev isə sürücülərə, eləcə də piyadalara yollarda daha diqqətli olmaları barədə xəbərdarlıq edib.

Həmin müsahibənin videosunu sizə təqdim edirik:

bax.tvhttps://bax.tv/embed/229021.html

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью