Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən və televiziya aparıcısı Ada Süleymanovanın da həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, o, sosial şəbəkə hesabında mərhumlara Allahdan rəhmət diləyib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Rövşən Tağıyev paylaşımında hadisənin başvermə səbəblərinin araşdırıldığını qeyd edərək, faciənin sürücülər üçün ciddi xəbərdarlıq olduğunu vurğulayıb.
O bildirib ki, həmin axşam doğum gününü yaxınları ilə qeyd edən xanım aparıcıya bir neçə saat əvvəl uzun ömür arzulayan insanlar az sonra onun ölüm xəbərini alıblar. Evə qayıtmaq üçün çıxdığı yol onun son səfəri olub. Bu hadisə iki insanın həyatına son qoyub, iki ailəyə ömür boyu daşıyacaqları bir acı yaşadıb.
DYP rəsmisi sürücülərə müraciətində bildirib ki, yol səhvləri bağışlamır. Sükan arxasında diqqətin bir neçə saniyəlik yoldan yayınması, ara məsafəsinin düzgün seçilməməsi və ya düşünülməmiş manevr təhlükəni vaxtında görmək və qarşısını almaq imkanını əldən verə bilər.
O, xüsusilə gecə saatlarında sürətin hava və yol şəraitinə uyğun seçilməsinin, təhlükəsiz ara məsafəsinin saxlanılmasının, sükan arxasında telefondan istifadə edilməməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin sərnişinlərə də hərəkət zamanı sürücünün diqqətini yayındıracaq davranışlardan çəkinməyi tövsiyə edib.
Rövşən Tağıyev yorğun və ya yuxulu halda sükan arxasına keçməməyin, hərəkət zamanı yorğunluq hiss edildikdə isə təhlükəsiz yerdə dayanaraq istirahət etməyin vacibliyini vurğulayıb.
Paylaşımının sonunda Rövşən Tağıyev sürücülərə belə bir çağırış edib:
“Sükan arxasında verdiyiniz hər bir qərar həm sizin, həm sərnişinlərinizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təsir edir. Sizi də, sərnişinlərinizi də evdə gözləyənlər var. Bunu bir an belə unutmayın!”
Eltac