Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Əbülfəz Süleymanlı
Professor
[email protected]
Son günlər xəbər lentlərinə baxanda insanın diqqətini eyni tipli ağrılı xəbərlər çəkir: yol-nəqliyyat hadisələri, müxtəlif qəzalar, ölənlər, yaralananlar, yarımçıq qalan həyat hekayələri... Ardıcıl gələn bu xəbərlər artıq məsələyə sadəcə “növbəti hadisə” kimi baxmağa imkan vermir.
Çünki hər qəzanın arxasında yalnız əzilmiş dəmir, dağılan avtomobil və ya texniki nasazlıq yoxdur. Hər ölüm bir ailənin həyatını dəyişir. Hər ağır yaralanma bəzən aylarla, hətta illərlə davam edən müalicə, reabilitasiya, əmək qabiliyyətinin itirilməsi, fiziki və psixoloji çətinliklər deməkdir. Buna nəqliyyat vasitələrinə, infrastruktura və ətraf mühitə dəyən zərəri də əlavə etdikdə qarşımızda böyük sosial və iqtisadi itki mənzərəsi yaranır.
Aviasiyada, istehsalatda, istirahət məkanlarında, tikintidə və digər sahələrdə baş verən faciələr də eyni ağrılı sualı gündəmə gətirir. Xüsusilə həyatının ən məhsuldar çağında olan, ölkəsinə və cəmiyyətinə hələ çox şey verə biləcək gənc və istedadlı insanlarımızın itirilməsi bu faciələrin ictimai ağırlığını daha da artırır. Bir insanla birlikdə onun biliyi, enerjisi, gələcək planları və cəmiyyətə verə biləcəyi töhfələr də itirilir.
Belə hadisələrə yalnız emosional reaksiya verməklə kifayətlənmək olmaz. Əsas sual budur: bunların nə qədərinin qarşısını əvvəlcədən almaq mümkün idi?
Bu mənzərəni alman sosioloqu Ulrix Bekin “risk cəmiyyəti” anlayışı ilə də izah etmək mümkündür. Müasir cəmiyyət inkişaf etdikcə texnologiyalar, nəqliyyat sistemləri, sənaye və şəhər infrastrukturu daha mürəkkəb hala gəlir. İmkanlar artır, lakin onlarla birlikdə yeni risklər də yaranır. Başqa sözlə, müasir sistemlər rifah və imkanlarla yanaşı, idarə olunması tələb edilən yeni risklər də yaradır.
Cəmiyyətin yetkinliyi risklərin mövcud olmaması ilə deyil, onları nə dərəcədə əvvəlcədən görə, qiymətləndirə və idarə edə bilməsi ilə ölçülür.
Yol hərəkətində də vəziyyət belədir. Sürət həddinin aşılması, sükan arxasında telefondan istifadə, yuxusuzluq, yorğunluq, təhlükəli ötmələr, qaydalara etinasız münasibət hər gün qarşımıza çıxan risklərdir. Bəzən insan bir neçə dəqiqə tez çatmaq üçün həm özünün, həm də qarşısındakı tanımadığı insanın həyatını təhlükəyə atır.
Burada yol mədəniyyəti cəmiyyətin ümumi davranış mədəniyyətinin bir hissəsinə çevrilir. İnsan qırmızı işıqda yalnız kamera olduğu üçün dayanırsa, sürəti yalnız radar görəndə azaldırsa, piyada keçidində dayanmağı yaxşılıq kimi qəbul edirsə, məsələ təkcə qaydaları bilməməklə izah oluna bilməz. Bu, qaydaya, ictimai məsuliyyətə və başqasının həyatına münasibət məsələsidir.
Ən təhlükəlisi riskli davranışların zamanla adiləşməsidir. “Hamı belə edir”, “mənə heç nə olmaz”, “bir dəfədir”, “iki dəqiqə tez gedim” kimi yanaşmalar riskin normallaşmasına gətirib çıxarır. Sosial mediada yüksək sürətin, təhlükəli manevrlərin və riskli davranışların bəzən cəsarət göstəricisi kimi təqdim olunması, xüsusilə gənclər baxımından ayrıca düşündürücüdür.
Ancaq məsuliyyəti yalnız fərdin üzərinə qoymaq da düzgün olmaz. Qəza baş verdikdən sonra səbəbləri araşdırmaq vacibdir, amma daha vacibi qəza baş verməmişdən əvvəl riskləri müəyyənləşdirməkdir. Təhlükəli yol sahələri, texniki nasazlıqlar, infrastruktur çatışmazlıqları, iş rejimi, insan yorğunluğu, təhlükəsizlik prosedurlarındakı boşluqlar və təşkilati səhlənkarlıq davamlı şəkildə təhlil edilməlidir.
Bir çox faciədən sonra “bu hadisənin qarşısını almaq mümkün idimi?” sualı gec verilir. Halbuki həmin sual hadisədən əvvəl verilməlidir.
Qabaqlayıcı təhlükəsizlik mədəniyyəti də məhz buradan başlayır. Məktəbdən başlayaraq yol hərəkəti və təhlükəsizlik davranışının öyrədilməsi, sürücülərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin texniki nəzarəti, yolların və digər infrastrukturların təhlükəsizlik baxımından müntəzəm qiymətləndirilməsi vacibdir. Baş vermiş hadisələr yalnız statistikaya çevrilməməli, onların səbəbləri növbəti faciənin qarşısını almaq üçün öyrənilməlidir.
Çünki bəzən faciənin özü qəfil baş verir, amma ona aparan risklər çoxdan görünür.
Bir başqa təhlükə də faciələrə alışmağımızdır. Ölüm xəbəri gəlir, sosial şəbəkələrdə paylaşılır, bir neçə gün müzakirə olunur və sonra başqa hadisə gündəmi dəyişir. Beləcə, qeyri-adi olmalı bir hadisə yavaş-yavaş adi xəbərə çevrilir.
Buna alışmaq olmaz. Bir insanı itirdikdə bunu yalnız bir ailənin şəxsi dərdi kimi görmək doğru olmaz. Cəmiyyət həmin insanla birlikdə bir mütəxəssisi, bir yaradıcı şəxsi, bir alimi, bir sənətkarı, bir müəllimi, bəlkə də gələcəyin çox qiymətli insan kapitalını itirir.
Ona görə təhlükəsizlik sadəcə texniki məsələ deyil. Bu, həm də insana və insan həyatına verilən dəyərin göstəricisidir. Riskləri tamamilə aradan qaldırmaq mümkün olmaya bilər. Amma onları əvvəlcədən görmək, azaltmaq və insan həyatını qorumaq mümkündür.
İnkişaf etmiş cəmiyyət faciədən sonra yalnız “niyə belə oldu?” sualını vermir. Faciə baş verməmişdən əvvəl “nə edə bilərik ki, belə olmasın?” sualını verir.
Bəlkə də bu gün bizim ən çox ehtiyac duyduğumuz şey məhz belə bir qabaqlayıcı təhlükəsizlik mədəniyyətidir.