Yolların daşını gözümə sərib Şəlalə Camaldan poetik nümunələr

23.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Şəlalə CAMAL

Qərar

Bu gün bir qərar aldım

Çıxıb gedirəm səndən

Nə ah çəkəcəm daha

Nə ağlayacam gendən...

Qamətim əyilməyib

Kefim də pozulmayıb

Xəyanət də etmədim

Gülə-gülə gedirəm...

Bilirəm ki, getdiyim

Yollar güldür, çiçəkdir...

Məhəbbət, sevda yolu

Qəlbimdən keçəcəkdir.

Günəbaxan

Üzü dönük qalmışdı

O gecə gün batanda

Boynu bükük olmuşdu

O gün günəbaxan da...

Üzünə həsrət qaldı,

Günəş doğa bilmirdi

Aya şikayət etdi

O gecə ay doğanda

Gör nə qədər qəlbləri

Qırmışdı nurlu Günəş,

Küsdürmüşdü onları,

Sındırmışdı onları...

Ay da bilmir neyləsin,

Milyon dərdi dinləsin.

Günəbaxan gün görəndə

Getsin o gün gəlməsin.

Sən

Mənim ürəyimə çəkdiyin dağda,

Yığıb veş-vüşümü ev düzəltmişəm.

Arada baş çəkib halıma bax da

Bar verməz dağında bağ düzəltmişəm...

Yolların daşını gözümə sərib,

Mən bu yurd yuvanı sağ düzəltmişəm.

Ölsəm vəsiyyətdə yazacam belə:

"Sən nə istədinsə, bax, düzəltmişəm".

Sındırdın qəlbimin incə telini,

Bir ömür bilmədim sənin dilini.

Kaş qaçıb yanına sıxıb əlini

Deyəydim, hər şeyi bax, düzəltmişəm.

Danış

Pambıqdan da yumşaq ürəyimi sən

Necə daş elədin, danış, qoy bilim.

Həyata sevgiylə baxan gözləri

Necə yaş elədin, bircə-bircə de.

Bəxtimin payına nə düşdü, denən,

Utanma, mən səni darda qoymaram.

Danış, rahat-rahat çəkinmə məndən,

Bir Allah bilir ki, nə çəkirəm mən.

Yanıldım

Daha mən əvvəlki uşaq deyiləm,

Oturub nağıla qulaq da asım.

Bütün bəlaların içindən keçib,

Deyirsən, yenidən mən qucaq açım?

İçimdə bir uşaq vardı, öldürdün,

Nağıllar danışıb, sonra gülürdün.

Sən mənim eşqimi niyə söndürdün?

Deyirsən, sevgidən biryolluq qaçım?

Qayıtma, yolları bağladım artıq,

Köhnə qapıları açan deyiləm.

Sevgi bir dəfədir, yanılır insan,

Mən daha əvvəlki adam deyiləm.

Gözləsin məni

Gecədir, yolumu azıb qalmışam,

İçkili olmaq da yaman pis idi...

Daha iyirmili yaşda deyiləm,

Qocaldım, sən demə, yaddaşım itib...

Evimin yolu da heç tanış deyil...

Sözümün biri də heç yanlış deyil,

Deyəsən, bu gecə bəxtim gətirmir,

Ayağım getsə də, başım inanmır…

Bir də dayandım ki, yol tanış deyil,

Ay da mənə baxır, elə bil gülür…

Cibimdə açarım, bəs qapım hanı?

Bu gecə hər küçə başıma dönür…

Mən kimə zəng edib yolu soruşum?

Axı kimim var ki, kimdən soruşum?!

Məni gözləyən yox, axtaranım yox,

Bir az da boş qapım gözləsin məni...

Bir az masa üstə dəftər qələmim,

Bir az buza dönən çayım gözləsin,

Bir az duz çörəyim, bir az yeməyim

Bir az da boşqabım gözləsin məni...

Barı bilərəm ki, gözləyənim var,

Mən də həlləm-qəlləm taparam axır.

Mənim tək canımdan başqa nəyim var?

Onu da almağa əzrayıl gəlir.

lll

Ordan bir stul gətir,

Hə, düz eşitdin...

Səninləyəm.

Gətir... gətir...

Qoy elə bura.

Burda dünyanın ən gözəl insanı oturacaq.

Yorulmuşam...

Səncə, oturum?

Yaxın gəl...

özünə də bir az yer elə.

Bilirsən, nə düşünürəm?

Görəsən, dəyərmi sevmək üçün bu qədər üzülməyə?..

Gəlsə, başına dönərdim…

Gəlsə, qadasın alardım...

Oturardım dizlərinin bir küncünə, Azca gözlərimi yumardım.

Bu yuxudan oyanmazdım...

Sevən qəlbim... yazıq qəlbim...

Məhəbbətə ac oldu ki...

Bu sısqalıq, bu özgəlik...

Doğmalığa kəc oldu ki...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью