Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda son illərdə salınan velosiped və skuter zolaqları sürücülərin ciddi narazılığına səbəb olur.
Xüsusilə zolaqlara görə yolların daraldılması və tıxacların artması sürücülərin gündəlik həyatını çətinləşdirir. Bir çox sürücü bildirir ki, əvvəllər nisbətən rahat hərəkət edilən yolların bir hissəsinin velosiped və skuter zolaqlarına ayrılması nəticəsində nəqliyyat axını zəifləyib, pik saatlarda isə sıxlıq daha da artıb.
Sürücülərin narazılıq etdiyi əsas məqamlardan biri də taksi fəaliyyəti ilə bağlıdır. Bildirilir ki, bəzi küçə və prospektlərdə velosiped zolaqlarına görə taksilər kənara çəkilərək sərnişin götürməkdə çətinlik çəkir. Bu isə həm sürücülərə əlavə problemlər yaradır, həm də sərnişinlərin yolda təhlükəli şəkildə mindirilib-düşürülməsinə səbəb olur.
Digər ciddi problem isə dönəcəklərdə və yol qovşaqlarında qəza riskinin artması ilə bağlıdır. Sürücülər bildirirlər ki, bəzi yerlərdə velosiped və skuter zolaqları ilə avtomobil hərəkət zolaqları bir-birinə çox yaxın salındığından, xüsusilə dönmə zamanı görünüş məhdudlaşır. Bu da həm avtomobil sürücüləri, həm də velosiped və skuter istifadəçiləri üçün əlavə təhlükə yaradır.
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Məmmədov da bu məsələni qaldırıb. O bildirib ki, paytaxtın Parlament prospektindən Milli Məclis istiqamətinə gedən yolda hərəkət zolaqları daraldılıb, velosiped və skuter zolaqları yaradılıb.
“Bunlar yaxşıdır, etiraz etmirəm. Amma gəlin ölçək: üç gün ərzində həmin yoldan bir nəfər belə velosiped sürməsə, yolun daraldılmasının mənası nədir?”, – deyə deputat vurğulayıb. Gündəlik müşahidələr də deputatın sözlərini təsdiqləyir.
Şəhərin bir çox ərazilərində bu zolaqlardan istifadə edən velosipedçilərin sayı həqiqətən çox azdır. Bu isə şəhər sakinlərinin velosipedə marağının çox az olduğunu, əksər hallarda isə avtomobillərə üstünlük verdiklərini göstərir. Xüsusilə işə gedib-gələn və gündəlik şəxsi avtomobildən istifadə edən vətəndaşlar üçün bu dəyişikliklər əlavə vaxt itkisi və stress yaradır.
Bir neçə velosipedçi üçün minlərlə sürücü hər gün saatlarla niyə tıxacda qalmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, velosiped zolağı bir sıra işlər görüldükdən sonra çəkilə bilərdi:
“Əslində velosiped zolaqları da COP 29-dan sonra ləğv olunan bəzi avtobus zolaqları kimi ləğv olunmalı idi.
Çünki hazırda istifadəsi demək olar ki, olmayan velosiped zolağı ciddi tıxaclara səbəb olur. Sürücülər saatlarla tıxacda qalır, velosipedin istifadəsini görmür və buna görə haqlı narazılıq edirlər. Velosiped zolaqları 10 ildən sonra çəkilə bilərdi. Rayonlarda iş yerləri açılardı, Qarabağa qayıdış tam yekunlaşardı, ali məktəblərin bir hissəsi başqa şəhərlərə köçərdi, Bakıda avtomobil sayı azalardı, sonra buna baxmaq olardı.
Son illərdə Bakıda salınan velosiped zolaqları ilə bağlı yaranan narazılıqlar təsadüfi deyil və şəhərin real nəqliyyat davranışı ilə birbaşa bağlıdır. Problemin kökündə velosiped ideyasının özü yox, onun tətbiq forması dayanır. Şəhər planlamasında əsas prinsip mövcud ehtiyaclara uyğun qərar verməkdir.
Bakı reallığında isə gündəlik hərəkətin böyük hissəsi avtomobil və ictimai nəqliyyat üzərində qurulub. Bu şəraitdə avtomobil yollarının daraldılması nəqliyyat axınının yavaşlamasına, tıxacların artmasına və ümumi narazılığa səbəb olur”. Onun sözlərinə görə, velosiped zolaqlarının salınması qərarı çox vaxt real istifadə göstəricilərinə deyil, formal plan və ya vizual göstərişlərə əsaslanır:
“Halbuki düzgün yanaşma əvvəlcə həmin ərazidə velosipedə tələbatın olub-olmadığını müşahidə və ölçmə yolu ilə müəyyənləşdirməkdir. Əgər bir velosiped zolağı günlərlə istifadə olunmursa, bu, orada nə velosiped mədəniyyətinin, nə təhlükəsizliyin, nə də marşrut uyğunluğunun formalaşdığını göstərir. Belə halda yolun daraldılması nə funksional, nə də məntiqli qərar sayıla bilər.
Şəhər sakinləri avtomobilə üstünlük verdiyi, ictimai nəqliyyat alternativləri tam gücləndirilmədiyi halda, yolun bir hissəsinin istifadəsiz qalması ümumi nəqliyyat sisteminə zərər vurur. Nəticədə sürücülər vaxt itirir, stress artır və şəhər daxilində hərəkət daha da çətinləşir. Bəlkə də velosiped zolaqları düzgün seçilmiş ərazilərdə, mərhələli və sınaq əsasında tətbiq olunduqda faydalı ola bilərdi”.
Ekspert qeyd edib ki, lakin dar magistral yollar hesabına, real tələbat nəzərə alınmadan salınan zolaqlar nə davamlı nəqliyyata, nə də şəhər rahatlığına xidmət edir:
“Bu baxımdan, velosiped zolaqlarının artırılması təkcə say və görüntü üzərində deyil, istifadə, təhlükəsizlik və şəhərin real hərəkət ehtiyacları üzərində qurulmalıdır. Əks halda, bu addımlar velosipedçinin sayını artırmır, əksinə, tıxacı artırır. Bu da bəzi qurumlara sərf edir, elə ona görə də məsələ öz həllini tapmır.
Tıxac problemini həll etməyin yollarını biz bildiyimiz kimi, adiyyəti qurumlarda maaş alıb heç bir iş görməyən adamlar da bilir. Sadəcə istəmirlər. Bakıda artıq tıxac bir biznesə çevrilir ...”
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: velosiped yolu Adil Nəbiyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin