Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sınaqlardan çıxmış Azərbaycan–Türkiyə strateji müttəfiqliyi sarsılmazdır
2026-cı ilin noyabr ayında Azərbaycan–Türkiyə münasibətlərinin siyasi mahiyyətini və strateji müttəfiqliyin davamlılığını nümayiş etdirən iki mühüm diplomatik hadisə baş verdi. Bu hadisələrin diqqətçəkən cəhəti onların iki dövlət arasında formalaşmış siyasi etimadın, tarixi bağlılığın və qarşılıqlı dəstək ənənəsinin rəmzi ifadəsinə çevrilməsidir.
Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Gününün altıncı ildönümü münasibətilə Şuşaya rəsmi səfər etdi. Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş, Qarabağda aparılan bərpa və quruculuq işləri ilə tanışlıq, eləcə də anım tədbirlərində iştirak Türkiyənin Azərbaycanın tarixi Zəfərinə və postmünaqişə dövründə həyata keçirdiyi quruculuq siyasətinə verdiyi siyasi dəstəyin növbəti ifadəsi oldu.
Bundan cəmi üç gün sonra, noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər etdi. Prezident İlham Əliyevin Antalyadakı Ekspo Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş ilə birgə fotosu Azərbaycan–Türkiyə münasibətlərinin çoxtərəfli diplomatik platformalarda da yüksək səviyyədə təmsil olunduğunu göstərdi.
Əslində, Ərdoğanın Zəfər Günündə Şuşada iştirakı və İlham Əliyevin beynəlxalq sammit çərçivəsində Antalyaya səfəri iki ölkə arasında siyasi münasibətlərin qarşılıqlı xarakterini, liderlər səviyyəsində formalaşmış etimadı və müttəfiqliyin simvolik tərəflərini nümayiş etdirir. Bir tərəfdən Türkiyə Prezidenti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Zəfər Gününü Azərbaycan xalqı ilə birlikdə qeyd edir, digər tərəfdən Azərbaycan Prezidenti Türkiyənin ev sahibliyi etdiyi beynəlxalq tədbirdə iştirak etməklə iki ölkə arasındakı diplomatik həmrəyliyi nümayiş etdirir. Bu qarşılıqlılıq uzun illər ərzində formalaşmış strateji münasibətlərin siyasi ifadəsidir. Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmliyini şərtləndirən əsas amillərdən biri onların ortaq tarixi yaddaşa, milli maraqların uzlaşmasına, hüquqi öhdəliklərə və qarşılıqlı iqtisadi asılılıq yaradan əməkdaşlıq mexanizmlərinə əsaslanmasıdır. İki ölkənin münasibətləri müxtəlif tarixi mərhələlərdən, regional böhranlardan və beynəlxalq siyasi sistemdə baş verən dəyişikliklərdən keçərək bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu baxımdan, Azərbaycan və Türkiyə arasındakı əlaqələr emosional yaxınlıqla yanaşı, rasional geosiyasi hesablamalara və milli maraqların uzlaşdırılmasına söykənir.
Münasibətlərin siyasi-hüquqi əsasını 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi təşkil edir. Bu sənəd Azərbaycan–Türkiyə əlaqələrini müttəfiqlik münasibətləri səviyyəsinə yüksəltməklə yanaşı, siyasi, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın institusional çərçivəsini müəyyənləşdirdi. Bəyannamənin əhəmiyyəti ondan ibarətdir ki, iki dövlətin münasibətləri artıq konkret hüquqi prinsiplər və qarşılıqlı öhdəliklər sistemi ilə möhkəmləndirilir. Xüsusilə təhlükəsizlik sahəsində qarşılıqlı məsləhətləşmələr və müdafiə əməkdaşlığının inkişafı regional geosiyasi mühitdə iki ölkənin strateji mövqelərini gücləndirən amillərdəndir.
Bu müttəfiqliyin siyasi mahiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonrakı dövrdə daha aydın şəkildə üzə çıxdı. Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi ardıcıl dəstək, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyinin müdafiəsi iki ölkə arasındakı münasibətlərin fundamental istiqamətlərindən biri olaraq qalır. Eyni zamanda, Azərbaycan da Türkiyənin regional və beynəlxalq təşəbbüslərində etibarlı tərəfdaş mövqeyindən çıxış edir.
İqtisadi müstəvidə Azərbaycan–Türkiyə əməkdaşlığı regional və qlobal əhəmiyyət daşıyan layihələrlə xarakterizə olunur. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və Bakı–Tbilisi–Qars dəmir yolu iki ölkənin enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığının əsas elementləridir. Bu layihələr Azərbaycanı Türkiyə vasitəsilə Avropa və dünya bazarları ilə əlaqələndirməklə yanaşı, Xəzər hövzəsi ilə Aralıq dənizi və Avropa məkanları arasında yeni iqtisadi-kommunikasiya imkanları formalaşdırır. Azərbaycan – Türkiyə münasibətləri ikitərəfli iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq daha geniş regional iqtisadi arxitekturanın formalaşmasına təsir göstərir.
* * *
Hüquqi aspektdən yanaşdıqda, Azərbaycan – Türkiyə münasibətlərinin fərqləndirici xüsusiyyəti siyasi iradənin institusional və normativ mexanizmlərlə dəstəklənməsidir. Şuşa Bəyannaməsi ilə yanaşı, iki ölkə arasında imzalanmış çoxsaylı sazişlər, hökumətlərarası komissiyaların fəaliyyəti, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sənədləri müttəfiqliyin davamlılığını təmin edən hüquqi bazanı formalaşdırır.
Azərbaycan–Türkiyə münasibətlərinin digər mühüm istiqaməti beynəlxalq təşkilatlar və çoxtərəfli diplomatiya platformalarında qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda iki dövlətin mövqelərinin uzlaşdırılması regional maraqların beynəlxalq səviyyədə müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Antalyada keçirilən COP31 Liderlər Sammiti də bu kontekstdə xüsusi diqqətə layiqdir. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil, enerji təhlükəsizliyi, iqtisadi inkişaf, texnoloji rəqabət və beynəlxalq siyasi münasibətlərlə sıx bağlı olan qlobal idarəetmə məsələsidir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Türkiyə münasibətlərinin gücü yalnız keçmişin ortaq tarixi təcrübəsi ilə izah edilə bilməz. Bu münasibətlər həm də gələcəyin geosiyasi və geoiqtisadi çağırışlarına verilən birgə cavab üzərində qurulur. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Prezident İlham Əliyevin Antalyada keçirilən beynəlxalq sammitdə iştirakı bu münasibətlərin həm siyasi, həm də mənəvi tərəflərini nümayiş etdirən ardıcıl diplomatik hadisələr kimi yadda qaldı.
Bu səfərlər qarşılıqlı hörmətin, etimadın və müttəfiqlik məsuliyyətinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Ən başlıcası, onlar Azərbaycan və Türkiyənin münasibətlərinin ayrı-ayrı siyasi mərhələlərin məhsulu olmadığını, tarixi yaddaş, hüquqi öhdəliklər, iqtisadi maraqlar və ortaq strateji baxışlarla möhkəmlənmiş uzunmüddətli tərəfdaşlıq modeli olduğunu göstərdi.
Bu gün Azərbaycan–Türkiyə münasibətləri regional geosiyasi sistemdə sabitlik və əməkdaşlıq amili olmaqla yanaşı, dövlətlərarası müttəfiqliyin institusional baxımdan möhkəmləndirilməsinin də nümunəsidir. Tarixin ən mürəkkəb sınaqlarından keçərək formalaşmış bu münasibətlər qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf edir, bir millətin iki dövlətini yeni uğurlara yetirəcək yola birlikdə, çiyin-çiyinə davam edəcəyik. Şuşadan Antalyaya uzanan diplomatik təmasların siyasi mesajı da məhz bundan ibarətdir: Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi tarixi, hüquqi, iqtisadi və geosiyasi əsasları olan davamlı münasibətlər sistemidir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru