Yorğun “Qarabağ”ın “gümüş”ü

05.05.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Misli Premyer Liqasının XXX turunda “Turan Tovuz”u məğlub edib – 2:1.

“Qarabağ” oyunun son 10-15 dəqiqəsini  çıxmaqla qalan vaxtlarda üstün tərəf kimi oynadı. İlk hissədə real şans yaratmaqda çətinlik çəkən “atlılar” fasilədən sonra 4 dəqiqəyə vurduğu 2 qolla oyunun taleyini həll etdi. Tovuzlular sonda təzyiqi artırıb, hesabı bərabərləşdirməyə çalışsa da, təsəlli qolundan artığına gücü çatmadı.

“Qarabağ” ümumi fonda yorğun görünür. Kamilo Duranın cəzalı olması, Musa Qurbanlının matçın əvvəlində zədələnməsi komandanının hücum gücünə təsirsiz ötüşmədi. Müdafiəçi Kevin Medina “atlılar”ın heyətində ön plana çıxan əsas oyunçu idi. Bəzən hücuma da çıxan, geridə kritik müdaxilələrlə komandasına fayda verən kolumbiyalı qazanılan qələbədə pay sahiblərindən oldu.

Tovuz təmsilçisi isə oyun baxımından artırmalıdır. Komanda sürpriz olmazsa, yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Heyətin güclənməsi mütləqdir. Bəzi futbolçuların hücum tərəfini artırmağa ehtiyac var. Kurban Berdıyev böyük avrokubok təcrübəsinə sahibdir, ancaq heyətdəki oyunçuların əksəri ilk dəfə Avropa arenasında səhnəyə çıxacaq. Klub artıq yeni mövsümlə bağlı planlara başlamalıdır, gecikmə avrokuboklarda uğursuz nəticələrə və ya erkən vidaya zəmin yarada bilər.

“Qarabağ” qələbə sayəsində xallarını 62-yə çatdırıb. Komanda ən yaxın izləyicisi “Turan Tovuz”u 6 xal qabaqlayır. “Atlılar” bununla da sona üç tur qalmış liqada gümüş medalların taleyini böyük ölçüdə həll etdi.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью