Yoxa çıxan marşrut avtobusları...

07.08.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndi çoxdandır Lerikdə ictimai nəqliyyat işləmir. Bu səbəbdən də camaat bir yerə çıxanda böyük əziyyətlə üzləşir. Dövlət başçısı vətəndaşların rahat yaşaması üçün vacib olan bütün sosial məsəllərin həllinə çalışır. Ölkə daxilində şəhərlər, rayonlar abadlaşır, yeni yollar çəkilir, infrastruktur yaradılır. Respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Ən çox xalqı narahat edən Qarabağ problemi idi ki, o da qələbəmizlə başa çatdı. İndi dövlətimizin başçısı öz səylərini insanların maddi rifah halının yüksəlməsinə yönəldib. Belə bir tərəqqi dövründə kiminsə günahı üzündən dağ rayonunda marşrut avtobusların yoxluğu qalib bir ölkənin nüfuzuna xələl gətirməkdən başqa bir şey deyildir.
Hazırda dediyim problem rayonda ən ciddi məsələdir. Bundan istifadə edən ara sürücülər camaatı olmazın əzablara düçar edirlər. Bir manatlıq yolu on beş manata gedirlər. Məcburiyyət qarşısında bir yerə çıxmaq üçün qiymət məhdud maddi imkanlı insanlara çox ağır gəlir. Qaldı ki qonşu Lənkəranda mərkəzdən onun bütün kəndlərinə avtobus marşrutu var, qiymətdə ki, 60 qəpik...
Demək olar ki, Lerikdə köhnə, dağılmış yollarda əsər-əlamət qalmayıb. Bir misal gətirmək istəyirəm. Hamarat-Piran yoluna asfalt döşəndiyi üçün çox rahatdır. Əvvəllər 2 saata qət olunan yol hazırda 30 dəqiqəyə gedilir. Əhalinin rahatlığına görə dövlət tərəfindən buraya 11 milyondan artıq vəsait sərf olunub. Amma əhali bu rahatlıqdan istifadə edə bilmir. Belə ki, əvvəllər bu marşrutda işləmiş avtobus yoxa çıxmışdır. Nəticədə yolu zəbt etmiş sürücülər bir sərnişini rayon mərkəzinə az qala Bakı qiymətinə aparırlar. Əgər köhnə marşrut avtobusu bərpa olunsa, eləcə 35-ə yaxın dağ kəndin camaatının nəqliyyat problemi həll edilmiş olar...
Lerikdə olan bu acınacaqlı vəziyyət respublikamızın heç bir yerində yoxdur. Dünyada analoqu olmayan bir işdir. Hələlik problemin həll barədə düşünən yoxdur. Leriklilər isə sadəcə əvvəllər olan avtobus xətlərinin bərpasını istəyirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью