Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Suriya hökumət qüvvələri ilə YPG arasında baş verən son döyüşlər əsasən Həsəkə və Qamışlı istiqamətlərində cəmləşmişdi”.
Bu fikirləri hərbi ekspert Səxavət Məmmədov “xalqcebhesi.az”a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, nə Həsəkənin, nə də Qamışlının mərkəzinə doğru hökumət qüvvələrinin irəliləməsi nəzərdə tutulmurdu:
“Faktiki olaraq tərəflər arasında cəbhə xətti formalaşdırılmışdı. Kürd silahlı qruplaşmaları da ehtimal edilən yeni toqquşmaları nəzərə alaraq həmin xətt boyunca müəyyən qüvvələr yerləşdirmişdilər. Paralel şəkildə tərəflər arasında danışıqlar prosesi gedirdi və bu prosesin gedişinə xarici faktorlar ciddi təsir göstərib.YPG ABŞ-dan və xüsusilə İsraildən gözlədiyi hərbi-siyasi dəstəyi ala bilmədi. ABŞ tərəfindən açıq mesajlar verildi ki, Suriyadakı kürd məsələsi artıq prioritet deyil və bu problemin tərəflərin öz daxilində həll olunması tələb olunur. Eyni zamanda silah-sursat və maliyyə yardımları da faktiki olaraq dayandırılıb. Yaranmış vəziyyət kürd qruplaşmalarını hökumətlə razılaşmaya məcbur edir.Hazırkı mərhələdə YPG üçün alternativlər xeyli məhdudlaşıb. Ona görə də bu qruplaşmalar məcburən Suriya hökumət qüvvələri ilə əməkdaşlığa getməyə razılaşa bilərlər. Bu isə ən azı hökumətin nəzarət etdiyi ərazilərdə daxili təhlükəsizliyin təmin olunmasına imkan yarada bilər”.
Hərbi ekspert əlavə edib ki, gələcək mərhələdə Suriya dövləti ordunun gücləndirilməsi və nizami ordu modelinin formalaşdırılması üçün YPG üzvlərinin bir hissəsini də silahlı qüvvələrə inteqrasiya edə bilər:“Bu, real və mümkün variantdır. Çünki YPG üzvlərinin bir qismi əvvəllər də Suriya ordusunun və digər dövlətə bağlı silahlı strukturların tərkibində döyüşüb. Düşünürəm ki, danışıqlar davam edəcək və yaxın zamanda bir sıra silahlı qruplaşmaların dövlətlə əməkdaşlığa getdiyini görəcəyik”.
Günel Elxan