Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Prezident İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam şairin irsinin daha geniş və müxtəlif aspektlərdən araşdırılması üçün mühüm zəmin yaradıb”.
Bunu Bizim.Media-ya açıqlamasında “Körpü” Türkman İrsi Araşdırmalar Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev deyib.
O bildirib ki, sovet dövründə və əvvəlki illərdə də Azərbaycan alimləri Xaqani Şirvani irsini araşdırıblar:
"Lakin bu, bir növ ənənəvi üslub üzərindən, ədəbiyyatşünaslıq elminin verdiyi imkanlar daxilində baş tutub. Müasir ictimai-siyasi və elmi şərait Xaqani irsinin yeni istiqamətlərdən öyrənilməsinə imkan verir. Prezidentin sərəncamı isə bu tədqiqatların genişləndirilməsi üçün hüquqi əsas yaradıb".
Mərkəz sədri qeyd edib ki, yubiley ili çərçivəsində şairin əsərlərinin filoloji və poetik tərcüməsi, yeni nəşrlərin hazırlanması istiqamətində mühüm işlər görülüb:
“Xaqaninin əsərləri, bu günə qədər deyilməyən sözlər, onun filoloji tərcüməsi, poetik tərcüməsi, yeni nəşrlər, yeni tədqiqatlar və folklordan gələn ənənələr bir ilin içində xaqanişünaslarımızın, alimlərimizin şairin həyat və yaradıcılığına verdiyi töhfələr kimi qiymətləndirilməlidir”.
O əlavə edib ki, bütün bu işlər Prezident İlham Əliyevin yanvarın 28-də imzaladığı Sərəncamın yaratdığı imkanlar çərçivəsində həyata keçirilib.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media