Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Dələduzluqda təqsirləndirilən Zakir İbrahimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik ili" münasibətilə elan edilən amnistiya Orxan Məmmədliyə tətbiq edilməklə və o, Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttiham aktına əsasən, Zakir İbrahimov 2023-cü ildən etibarən etibarnamə əsasında "Caspian Agroholdinq" MMC-ni təmsil etdiyi müddət ərzində qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirib. O, etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) inamını qazanaraq, ona həqiqətə uyğun olmayan yalan vədlər verib.
Belə ki, təqsirləndirilən şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olmasına dair yalan məlumat verərək, 31 236 ABŞ dolları müqabilində bir konteyner günəbaxan yağının Rusiyanın Novorossiysk şəhərindən Seneqalın Dakar şəhərinə daşınacağını vəd edib. Bu məqsədlə 2025-ci ilin mart ayının ilk həftəsində paytaxt ərazisində yerləşən "Çaykənd" kafesində zərərçəkmiş şəxslə görüşüb.
Bu görüş zamanı Zakir İbrahimov əvvəlcə 10 000 ABŞ dolları, daha sonra isə 17 320 ABŞ dolları olmaqla, ümumilikdə 27 320 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib. Həmin məbləğ dövrün məzənnəsinə uyğun olaraq 46 444 manat təşkil edib. Nəticədə F.F.-ə xeyli miqdarda maddi ziyan vurulub.
Məhkəmə iclasında Zakir İbrahimov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib.
O, məhkəmədə bildirib ki, pulun ünvanına çatmaması səbəbindən yükün daşınması baş tutmayıb, bundan sonra zərərçəkmiş şəxsdən pulu geri qaytarmaq üçün vaxt istəyib. Hazırda isə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edib.
Təqsirləndirilən şəxs səmimi ifadə verməsini, törətdiyi əməldən peşmanlığını, ailəli və azyaşlı uşaqlarının olduğunu, həmçinin ziyanın ödənildiyini nəzərə alaraq, amnistiya aktının tətbiqini məhkəmədən xahiş edib.
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, ümumilikdə 28 000 ABŞ dolları pul ödəsə də, sənədlərdə 27 300 ABŞ dolları göstərilib. Hazırda ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbinin olmadığına dair məhkəməyə müvafiq ərizə təqdim edib.
Oxunub 0