Yüksək bal iş zəmanəti vermir: doğru ixtisas seçimi niyə vacibdir?

04.08.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Universitetlərə qəbul zamanı yüksək bal toplayan abituriyentlərin əsasən eyni ixtisaslara üstünlük verməsi tez-tez müzakirə olunur. Bu mövzu ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, ixtisas seçimində balın deyil, maraq və bacarığın daha vacib olduğu vurğulanır.

Sosial mediada vətəndaşlardan biri də belə bir fikir bildirib:

“150 balla qəbul olunanla 600 balla qəbul olunan arasında əsas fərq yalnız bal deyil. Əsas məsələ insanın potensialına, maraq və bacarığına uyğun ixtisas seçməsidir. Məsələn, kimsə yüksək balla hüquq fakültəsinə daxil ola bilər, amma sonradan iş tapmaqda çətinlik çəkər. Baytarlığa marağı və bacarığı olan biri bu sahədə uğur qazanaraq yaxşı gəlir əldə edə bilər.

Azərbaycanda abituriyentlərin böyük hissəsi bir neçə populyar ixtisasa üstünlük verir. Bu isə həmin sahələrdə rəqabəti artırır, əmək bazarında isə balanssızlıq yaradır. İnsanlar daha çox öz maraq və bacarıqlarına uyğun ixtisas seçsələr, həm məşğulluq imkanları arta, həm də müxtəlif peşələr üzrə kadr ehtiyacı daha sağlam şəkildə qarşılana bilər”

Bu fikirlər nə dərəcədə reallığı əks etdirir?Maraq və bacarığa uyğun ixtisas seçimi iş tapmaqda nə qədər həlledici rol oynayır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan təhsil eksperti, publisist Şəmsi Qoca bildirib ki, abituriyentlərin kütləvi şəkildə eyni sahələrə axın etməsi əmək bazarında böyük balanssızlıq yaradır: “Sosial şəbəkələrdə səsləndirilən bu fikirlər müasir əmək bazarının acı və əsas reallıqlarını tam şəkildə əks etdirir.

Universitetə qəbul zamanı toplanılan yüksək bal gələcək karyerada uğurun və ya rahat iş tapmağın təminatçısı deyil.

İllərdir cəmiyyətdə formalaşmış “prestijli ixtisas” anlayışı ucbatından abituriyentlərin kütləvi şəkildə eyni sahələrə - hüquq, iqtisadiyyat və ya beynəlxalq münasibətlər kimi istiqamətlərə axın etməsi əmək bazarında böyük balanssızlıq yaradır. Nəticədə həmin sahələri yüksək balla bitirən minlərlə gənc vakansiya azlığı və kəskin rəqabət səbəbindən iş tapmaqda çətinlik çəkir, diplom isə sadəcə kağız parçasına çevrilir”.

Şəmsi Qocanın fikrincə əksinə, cəmiyyətdə bəzən ikinci plana keçən, lakin insanın şəxsi marağına, potensialına və bacarığına uyğun gələn sahələr — istər baytarlıq, aqronomluq, istərsə də müxtəlif texniki ixtisaslar olsun — əmək bazarında hər zaman sağlam rəqabət və yüksək tələbatla qarşılanır: “İnsan sevdiyi və bacardığı işlə məşğul olduqda oxuduğu müddətdə də dərin biliklərə yiyələnir, təcrübə qazanır və nəticədə həm tez iş tapır, həm də peşəkar kimi özünü təsdiq edərək yaxşı gəlir əldə edə bilir. Buna görə də ixtisas seçimi sadəcə bal toplamaq yarışından ibarət olmamalı, insanın daxili potensialına və bazarın real ehtiyaclarına əsaslanmalıdır”.

“Cəmiyyətdə “diplom xətrinə təhsil” yanaşmasından uzaqlaşıb peşəyə sevgi və bacarıqla yanaşdıqda həm gənclərin məşğulluq problemi həll olunur, həm də ölkə üzrə sağlam kadr bazası formalaşır”, – deyə Şəmsi Qoca vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью