Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər bazarlarda yumurtanın qiymətində artım müşahidə olunur. Broyler yumurtası 20 qəpikdən satılırkən, kənd yumurtası artıq 40-45 qəpiyə yüksəlib. Bu artımın səbəbləri nədir?
İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, zaman-zaman yumurtanın bahalaşdığını görürük. Xüsusən də soyuq aylarda qiymətlər artır. İsti aylarda isə mağazalarda saxlanma ilə bağlı çətinliklər yarandığı üçün müəyyən problemlər olur.
Ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var:
“Azərbaycanda broyler və yumurta istehsalçıları çox deyil. Ona görə də onların razılaşdırılmış şəkildə hərəkət etməsi ehtimalı mövcuddur. İstehlak bazarlarına nəzarət edən dövlət qurumları bu məsələyə diqqət yetirməlidir ki, broylerlər sui-istifadə etməsinlər və vahid qiymət siyasəti formalaşdırmasınlar. Bunun üçün Rəqabət Məcəlləsi və müvafiq agentliklər var, şərtlərə baxılmalıdır”.
X.Kərimli qeyd edib ki, ölkədən iri həcmdə yumurta ixracı ilə bağlı da ciddi məlumat yoxdur. Azərbaycanda gündəlik yumurta istehsalı təxminən 5 milyon ədəddir, tələbat isə 3–3,5 milyon arasında dəyişir:
“Aşağı qiymətlər broylerlərin xoşuna gəlmir, çünki 10–12 qəpik kimi rəqəmlərdə onların ziyanla işlədiyini özləri də deyirlər. Bəzən məcburiyyət qarşısında qiyməti endirirlər, amma imkan tapan kimi artırmağa çalışırlar. Soyuq aylarda bunu daha rahat edirlər – bir tərəfdən saxlanma şəraiti, digər tərəfdən mövsümi amillər təsir göstərir. Nəticədə yumurtanın qiyməti fəsillər üzrə gah qalxır, gah enir. Çox ucuz qiymətlər istehsalçının maya dəyərini qarşılamır, buna görə də belə endirimlər epizodik olur. İlin müəyyən dövrlərində müvəqqəti olaraq qiyməti salırlar, sonra yenidən qaldırırlar. Ona görə də bazarda böyük oyunçuların azlığı fonunda nəzarət mexanizmləri güclü olmalıdır ki, sui-istifadə halları baş verməsin, Rəqabət Məcəlləsinin tələbləri pozulmasın və istehlakçı hüquqları qorunsun. Qalan hallarda isə istehsalçı istehsal həcmini düzgün planlaşdırarsa, qiymət dalğalanmaları müəyyən qədər idarə oluna bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az