Yunanıstanda ən qədim taxta alətlər aşkar edilib

28.01.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Arxeoloqlar Yunanıstanda bu günə qədər məlum olan ən qədim taxta alətləri aşkar ediblər. Associated Press yazır ki, Yunanıstanda bir gölün sahilində tapılan iki artefaktın yaşının təxminən 430 min il olduğu ehtimal edilir.

Tapıntılardan biri uzunluğu təxminən 80 santimetr olan nazik çubuqdur. Tədqiqatçılar hesab edirlər ki, bu alət torpağın qazılması üçün istifadə olunmuş ola bilər. İkinci artefakt isə söyüd və ya qovaq ağacına aid daha qısa taxta fraqmentidir və onun dəqiq təyinatı hələlik aydın deyil. Versiyalardan birinə görə, bu parça daş alətlərin hazırlanması prosesində köməkçi vasitə kimi istifadə edilib.

Taxta alətlər materialın çürüməyə meyilli olması səbəbindən nadir hallarda bu günədək gəlib çıxır. Onların qorunub saxlanması üçün buz, mağara mühiti və ya su altında qalma kimi xüsusi şərait tələb olunur. Yunanıstanda tapılan artefaktların isə, ehtimal ki, çöküntü qatının altında basdırılması və daimi yüksək rütubət şəraiti sayəsində qorunduğu bildirilir. Alətlərin dəqiq yaşı müəyyən edilə bilməsə də, onların aşkar edildiyi arxeoloji qatın təxminən 430 min il yaşı olduğu məlumdur.

Bu alətlərin kim tərəfindən hazırlandığı hələ də sirr olaraq qalır, çünki qazıntı sahəsində insan qalıqları tapılmayıb. Onların neandertallar, insanın digər erkən əcdadları və ya başqa homininlər tərəfindən hazırlanmış ola biləcəyi ehtimal edilir.

Tədqiqatda iştirak etməyən, Smitson Milli Təbiət Tarixi Muzeyinin arxeoloqu Cərrod Hatson qeyd edib ki, tapıntıların zahiri sadəliyi onların şərhini çətinləşdirir: "Onlara heyran qalmaq çətindir, çünki ilk baxışdan taxta alətlər kimi dərhal diqqət çəkmirlər. Üstəlik, biz onların dəqiq hansı məqsədlə istifadə olunduğunu da bilmirik".

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью