Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müasir Yunanıstanın şimalında yerləşən qədim Makedoniya şəhəri Miezada arxeoloqlar 2300 ildən çox əvvəl gələcək hökmdar Makedoniyalı İskəndərin filosof Aristoteldən dərs aldığı ehtimal edilən binanı aşkar ediblər. Kəşf haqqında məlumatı "Live Science" nəşrinə istinadən Yunanıstanın Mədəniyyət Nazirliyi yayıb.
Eramızdan əvvəl IV əsrə aid edilən arxeoloji kompleksə iki ziyafət zalı, idman meydançası, stadion, üstüörtülü qalereya və daş partaları olan tədris otağı daxildir. Binaların döşəməsi mozaikalarla, divarları isə sütunlarla bəzədilib. Ziyafət zallarında vaxtilə qonaqlar üçün ondan çox lojanın yerləşdirildiyi yüksəkliklər indiyədək qorunub saxlanılıb.
Kompleksin memarlığı və dekorativ tərtibatı Makedoniyanın Eqedəki (müasir Yunanıstanın şimalında yerləşən Vergina) çarlıq sarayını xatırladır. Çar II Filip və onun oğlu Böyük İskəndər məhz orada yaşayıblar.
Xarabalıqlar arasından tapılan sikkələr, keramik əşyalar və dörd ədəd stilusa — qədim şagirdlərin mumlu lövhələr üzərində yazmaq üçün istifadə etdikləri alətlər arxeoloqlar üçün xüsusilə mühüm tapıntı olub.
Eramızın I–II əsrlərində yaşamış tarixçi Plutarx İskəndərin tərcümeyi-halında yazırdı ki, II Filip Miezada oğlu və makedon əyanlarının övladlarının təhsili üçün məktəb tikdirib. Məhz buna görə də qazıntıların rəhbəri, arxeoloq Angeliki Kottaridi aşkar edilmiş kompleksin Ərəstun İskəndərə dərs dediyi həmin məktəb olduğunu bildirir.
Qədim yunan dünyasında bu cür təhsil müəssisələri gimnasiya adlanırdı. Şagirdlər burada əqli biliklərlə yanaşı, fiziki hazırlıqla da məşğul olurdular.
Kottaridi tədqiqatçıların diqqətini bu xarabalıqlara bir neçə il əvvəl yönəltdiyini və 2024-cü ildən sistemli qazıntılara başladıqlarını deyib. Bu ərazidə ilk işlər hələ 20 ildən də çox əvvəl — yaxınlıqda nimfalara həsr olunmuş abidə tapıldıqda aparılmışdı.
Qazıntılarda iştirak etməyən alimlər də kompleksin İskəndərin təhsili ilə bağlılığı fərziyyəsini ümumilikdə dəstəkləyiblər. Nebraska-Omaha Universitetinin tarixçisi Cinn Reyms hesab edir ki, sübutların məcmusu Filipin Ərəstu və onun şagirdləri üçün tikdirdiyi məktəbə işarə edir.
Cənubi Dakota Ştat Universitetinin tarix professoru Qrem Raytson isə tapılan dörd stilusun xüsusi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu tapıntı gənc İskəndəri müəlliminin onun dünyagörüşünü formalaşdırdığı həmin otaqlarda təsəvvür etməyə imkan verir. Nəzəri olaraq, stiluslardan biri hətta İskəndərin özünə də aid ola bilər, lakin buna dair hələ ki heç bir sübut yoxdur.
II Filipin zənginliyini nəzərə alsaq, məktəbin belə dəbdəbəli quruluşu təəccüblü deyil. Bununla yanaşı, Miezanın coğrafi mövqeyi də praktiki əhəmiyyət kəsb edə bilərdi: Makedoniyanın qədim paytaxtı Pella buradan təxminən 43 kilometr aralıda yerləşirdi. Tarixçi Elizabet Beynem ehtimal edir ki, məktəbin paytaxtdan uzaqda olması atasının həyatı üçün təhlükə yarandığı təqdirdə İskəndərə qaçmaq imkanı verə bilərdi.
Bununla belə, kompleksin təyinatının tam təsdiqlənməsi hələ irəlidədir. Tarixçi Miltiadis Xatsopulos qeyd edib ki, arxeoloqlar sübutların ətraflı təhlilini əks etdirən elmi iş dərc etməlidirlər. Onun sözlərinə görə, buranın İskəndərin məktəbi olması versiyası inandırıcı görünür, lakin hələlik əlavə tədqiqatlar tələb edir.
Hazırladı:
S.ELAY
XQ