Yunis Hüseynov: AFFA nümayəndəsi mənə dedi ki, maksimum bir oyunluq cəza ala bilərəm

26.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"AFFA-nın qərarından şikayət edəcəm. Mən heç kimi təhqir etməmişəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov bildirib.
Mütəxəssis "Şamaxı" ilə matçda baş verən insidentə və AFFA İntizam Komitəsinin qəbul etdiyi cəza qərarına münasibət bildirib:
"AFFA İntizam Komitəsinin qərarı mənim üçün ağır oldu. Orada bu qədər böyüdüləsi hadisə baş verməmişdi. Hər halda, AFFA-ya müraciət edərək qərara yenidən baxılmasını istəyəcəyik. Mən söyüş söyməmişəm, heç kimi təhqir etməmişəm. Buna görə də qəbul edilən qərar mənə müəmmalı gəldi. Söz-söhbət yaşansa da, 3 oyunluq cəza və 8000 manat cərimə ağır qərardır. Paltardəyişmə otağının qarşısında AFFA nümayəndəsi Eldəniz Musayev hətta polislərdən soruşmuşdu ki, kimsə təhqir olunubmu? Polislər belə bir halın baş vermədiyini bildirdikdən sonra mənə dedi ki, maksimum 1 oyunluq cəza ala bilərəm. Sonda isə belə ağır qərar qəbul olundu".
Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasının XII turunda keçirilən "Şamaxı" – "Turan Tovuz" matçının ilk hissəsindən sonra rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Yunis Hüseynov 3 oyunluq cəzalandırılıb. "Turan Tovuz" klubu isə 8000 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью