Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Təmənna güdmədən edilən yaxşılıq, xeyirxahlıq və insanlara fayda verən əməllər dünyamızı gözəlləşdirir, cəmiyyəti yüksəldir. Həqiqi xeyirxahlıq sonradan qazanılan xüsusiyyət deyil, insanın qanında, canında, xarakterində yuva salıb.
Bir gün yolum Lerik rayonunun Əvilə kəndinə düşmüşdü. “50-ci kilometr” adlanan ərazidən sağa dönərək Şingədulan–Xanagah istiqamətində hərəkət edirdik. Yolboyu həmsöhbətim bir insanın xeyirxahlığından, yurd sevgisindən söhbət açdı. Dedi ki, uzun illər idi 50-ci kilometr–Şingədulan–Xanagah avtomobil yolunun asfalt örtüyü yararsız vəziyyətə düşmüşdü. Ətraf kəndlərin sakinləri, eləcə də bu əsrarəngiz yerlərə yolu düşən qonaqlar çox əziyyət çəkirdilər. Dəfələrlə müraciətlər etsək də, səsimizi eşidən olmurdu. Nəhayət, o, “Elimizin mərd oğulları” ictimai qrupunu yaratdı, təşəbbüs göstərərək vəsait topladı və yolun bərpasına dəstək oldu. Bu gün insanlar həmin yolun rahatlığını hiss edirlər.
Maraqla ətrafı seyr etdiyimi görən həmsöhbətim yolboyu səliqə ilə quraşdırılmış lövhələri göstərərək sözünə davam etdi:
– Bax, əsl vətənpərvərlik və xeyirxahlıq budur. Murya kəndindən başlayaraq Livədirqə və Əvilə kəndlərinədək yolboyu düzülmüş 44 lövhədə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin nurlu simaları əks olunub. Onların hər biri xalqımızın qürur mənbəyidir. Məhz belə igidlərin şücaəti sayəsində Azərbaycan qalib dövlətə, ordumuz isə qalib orduya çevrildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!
Bu sözləri dinlədikcə haqqında müxtəlif qəzet və kitablarda yazdığım şəhidlərimizin igidliyi gözlərim önündə canlanırdı. Onlar bizə Vətəni sevməyin, qeyrətin, namusun və torpaq uğrunda canından keçməyin nə demək olduğunu öz həyatları ilə sübut etdilər. Həmsöhbətimdən bütün bu xeyirxah işlərin, şəhidlərə göstərilən ehtiramın müəllifinin kim olduğunu soruşdum:
- Bu işlərin əsas təşəbbüskarı həmyerlimiz Elşad Nədiyevdir. O, qeyri-adi düşüncəyə, geniş ürəyə və yüksək mənəvi dəyərlərə malik mərd bir insandır. Öyrəndim ki, mayası xeyirxahlıqla yoğrulmuş Elşad Nədiyev “Elimizin mərd oğulları” könüllü xeyriyyə qrupunu yaradıb və ona rəhbərlik edir. Könüllü yardımlar və ianələr hesabına Lerik rayonunun “Deriğ” adlanan bir hissəsində kəndarası yolların təmiri, yeni körpülərin tikintisi, artezian quyularının qazılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.
Şingədulan, Livədirqə, Mulalan, Murya, Şivlə, Xanagah, Gürdəsər, Camaşair, Soru, Vistən və Nüvədikəndara yolları xeyli abadlaşdırılıb. Buruq kəndinə dönən yolun Viləş çayı ilə kəsişən yerində dəmir-beton konstruksiyadan ibarət körpü icma üzvlərinin dəstəyi ilə istifadəyə verilib. Bu da nəqliyyat vasitələrinin rahat hərəkətini, sərnişinlərin təhlükəsizliyini təmin edib.
İctimai fəalların, xeyirxah insanların əksəriyyəti hazırda doğma rayonunda yaşamasalar da, ata-baba ocaqlarını, bir an da olsa, unutmur, əhalini narahat edən problemlərin həllinə dəstək olurlar. İcma fəallarından İqrar Həsənov, Altay Mirzəyev, Natiq Əsədov, Mirzəxan Abbasov, Təşkilat Ağayev, Mübariz Rəhimov, Zaur Cahangirov və digərləri vətəndaş təəssübkeşliyi, xeyirxahlıq nümunəsi nümayiş etdirirlər.
Elşad Ağadadaş oğlu Nədiyevə gəldikdə isə o, Lerikin Murya kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən halal zəhmətə alışan bu gənc çörək, gün-güzəran dalınca Bakıya üz tutub. Maştağadakı daş karxanalarında ağır şəraitdə çalışıb, yoxsulluğun və zəhmətin nə olduğunu öz həyatında yaşayıb. Sonralar Tanrı bu zəhmət adamından lütfünü əsirgəməyib, əziyyətini bəhrəsiz qoymayıb. O, qazandığı imkanları təkcə özü üçün deyil, cəmiyyət, el-oba yolunda sərf etməyi üstün sayıb. Xeyriyyəçilik fəaliyyətini zaman-zaman genişləndirib.
Elşad Nədiyev hazırda çətin vəziyyətdə olan ailələrə, xəstələrə, tənha ahıllara, tələbələrə, Qarabağ qazilərinə və şəhid ailələrinə mütəmadi dəstək göstərir. Kənd yollarının abadlaşdırılması, su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir. O, Lerik ərazisindəki paleolit dövrünün yadigarı sayılan Büzeyir qədim insan düşərgəsinə yol çəkilməsi layihəsinin də fəal iştirakçısı olub.
Xeyriyyəçi paytaxtın Binə qəsəbəsində yaşasa da, doğulduğu el-obanı heç vaxt unutmur. Doğma yurda bağlılıq, vətən sevgisi və xeyirxahlıq onun həyat amalına çevrilib. Özü haqqında, gördüyü işlər haqqında danışmağı xoşlamasa da, nəcib əməlləri, xeyirxahlığı dillər əzbərinə çevrilib. Doğma yurdu, el-obası üçün gördüyü işlərin miqyası genişdir.
İdris ŞÜKÜRLÜ,
Əməkdar jurnalist