Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu sosial ekokənd layihəsi xüsusi qayğıya ehtiyacı olan gənclərin həyatını mənalandırır
Hər insanın dünyaya açılan öz könül pəncərəsi var. Kiminəsə həyat gurultulu, rəngarəng və sürətli görünür, kiminin də dünyası daha sakit, addımları daha ehtiyatlıdır. Amma bu fərqlərin arxasında ümumi istəklər dayanır – sevilmək, anlaşılmaq, dost qazanmaq və özünü cəmiyyətin bir parçası kimi hiss etmək. Xüsusi qayğıya ehtiyacı olan gənclər də həyatın bütün rənglərini özünəməxsus şəkildə görürlər. Onların dünyası arzularla, sevinclərlə nurlanır, böyük ümidlərdən güc alır.
Xüsusi gənclərimizin bir araya gəldiyi, öyrəndiyi, bacarıqlarını inkişaf etdirdiyi və asudə vaxtını səmərəli keçirdiyi məkanlardan biri də “Yurdum” inklüziv mərkəzidir. Burada əsas məqsəd onların cəmiyyətə daha fəal şəkildə qoşulmasına, özlərini ifadə etməsinə və müstəqil həyata hazırlanmasına şərait yaratmaqdır.
“Yurdum” layihəsi gələcəyin yaşayış kəndi olaraq, fiziki və ya əqli məhdudiyyətləri olan insanların sosial uyğunlaşma, cəmiyyətə bağlığını təşviq edən mərkəz kimi fəaliyyət göstərir. Layihə çərçivəsində 16 yaşdan yuxarı gənclərin istirahəti, asudə vaxtını səmərəli keçirməsi, yeni bacarıqlar qazanması və maraq göstərdikləri fəaliyyətlərlə məşğul olması üçün müxtəlif imkanlar yaradılıb.
Hazırda mərkəzdə 16 yaşdan 46 yaşadək xüsusi qayğıya ehtiyacı olan gənclərin hər birinin fərqli marağı, bacarığı və özünəməxsus dünyası var. “Yurdum” isə həmin dünyaların bir araya gəldiyi, gənclərin özlərini rahat hiss edə bildiyi və cəmiyyətlə daha sıx bağ qurduğu məkanlardan birinə çevrilib.
Mərkəzin rəhbəri “Humayun” Qeyri-Hökumət Təşkilatının sədri Firəngiz Hüseynova “Yurdum” sosial ekokənd layihəsinin uğurla davam etdiyini söylədi:
– Mərkəzin fəaliyyətinin əsasını isə hər bir gəncin fərdi bacarığını üzə çıxarmaq və onun inkişafına imkan verən sosial mühit formalaşdırmaq təşkil edir. Burada gündəlik fəaliyyətlər xüsusi sosial terapiya prinsiplərinə əsaslanır. Məqsəd gənclərin yalnız vaxtlarını səmərəli keçirməsi deyil, həm də gələcəkdə mümkün qədər müstəqil həyat sürə bilmələri üçün zəruri ilkin bacarıqları qazanmalarına dəstək olmaqdır.
Buna görə də musiqi, incəsənət və sənətkarlıq gündəlik fəaliyyətlərin bir hissəsinə çevrilib. Müxtəlif məşğələlər vasitəsilə gənclərin praktiki və sosial bacarıqlarının inkişafına, öz maraq və istedadlarını ifadə etməsinə şərait yaradılır.
Layihəni həyata keçirən “Humayun” QHT-nin bəzi əməkdaşlarının beynəlxalq terapevtik icmalarda qazandığı təcrübə də fəaliyyətimizə töhfə verir. Mərkəzin heyəti bu sahə üzrə təhsil alan şəxslər və könüllülərdən formalaşıb. Eyni zamanda, burada çalışan müəllimlər üçün təcrübə proqramları təşkil olunur və onların bir qismi ABŞ-da keçirilən proqramlarda iştirak edir. “Yurdum”un qarşıya qoyduğu növbəti məqsədlərdən biri isə fəaliyyətini genişləndirərək daha çox xüsusi qayğıya ehtiyacı olan gənci əhatə etməkdir.
Layihənin həmmüəllifi Vəfa Xəlilova isə qeyd etdi ki, “Yurdum”da icma üzvləri bir ailənin ayrı-ayrı fərdləri kimi bir-birinə dəstək olmağa, qayğı göstərməyə və birlikdə yaşamağa çalışırlar:
– Mərkəzə gənclər qəbul edilərkən müəyyən meyarlar nəzərə alınır. Bu meyarlardan biri də onların cəmiyyət daxilində aqressiv və təhlükəli davranışlar nümayiş etdirməməsidir. Çünki məqsəd müxtəlif ehtiyacları olan insanların bir arada təhlükəsiz, rahat və sosial baxımdan uyğun mühitdə yaşamasına şərait yaratmaqdır.
Belə inklüziv sosial icmaların formalaşması ideyası ötən əsrin 40-cı illərindən etibarən inkişaf etməyə başlayıb. Bu modelin əsas məqsədlərindən biri sağlamlıqla bağlı müxtəlif məhdudiyyətləri olan insanların daha təbii sosial və yaşayış şəraitində həyatlarını davam etdirməsinə imkan yaratmaqdır. “Yurdum” layihəsi də bu yanaşmanı yerli mühitdə tətbiq etməyə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmağa çalışır.
Mərkəzdə zaman keçirdikcə görürük ki, gələn gənclər bir müddət sonra gündəlik fəaliyyətlərinə başlayırlar. Burada onlar mərkəzin gündəlik işlərinə də qoşulurlar. Mətbəxdə birlikdə yemək hazırlayır, süfrə qurur, daha sonra qabları yuyur, gündəlik həyatın sadə, lakin vacib vərdişlərini birlikdə öyrənirlər. Bu proses həm öyrədici, həm də onlar üçün əyləncəli bir məşğuliyyətə çevrilir.
Mərkəzin müəllimi Leyla Musayeva deyir ki, burada əsas məqsədlərdən biri gənclərin gündəlik fəaliyyətlərini mümkün qədər müstəqil şəkildə həyata keçirməsinə nail olmaqdır:
– Bunun üçün onlara ilkin yemək hazırlamaq, təmizlik, özünəxidmət, süfrə mədəniyyəti və digər gündəlik bacarıqlar öyrədilir. Gənclərin hər birinin isə öz maraq dairəsi və bacarığı var. Onların bir çoxu diqqət mərkəzində olmağı sevir və özünü müxtəlif fəaliyyətlər vasitəsilə ifadə edir. Muncuqlardan qolbaq, boyunbağı və digər bəzək əşyaları hazırlayan gənclər olduğu kimi, rəsmə xüsusi maraq göstərənlər də var.
Məsələn, Lalə Ağayeva mətbəx işlərinə daha çox maraq göstərir və süfrəni yemək üçün özü sərbəst şəkildə hazırlayır. Bu kiçik görünən bacarıqlar əslində onların gündəlik həyatda daha müstəqil olmasına doğru atılan mühüm addımlardır.
Hər bir gəncin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq vacibdir. Onların maraq göstərdiyi sahələri dəstəkləmək, bacarıqlarını inkişaf etdirmək və özlərini ifadə etmələri üçün imkan yaratmaq gündəlik fəaliyyətin əsas hissələrindən biridir.
Mərkəzin gəncləri də “Yurdum”da keçirdikləri vaxtı özləri üçün xüsusi hesab edirlər. 23 yaşlı Lalə Ağayeva məkanı artıq ikinci evi kimi gördüyünü deyir:
– Mərkəzdə bir-birimizə dəstək olur, gündəlik işlərdə birlikdə iştirak edirik. Mən ən ən çox mətbəx işlərini sevirəm.
Digər gənc Fərid Ociyev isə asudə vaxtını yalnız burada keçirmədiyini deyir:
– Mən həm də gimnastika ilə də məşğul oluram və idmana olan sevgimi müxtəlif yarışlarda qazandığım medallarla ifadə edirəm. İdman həm sevdiyim məşğuliyyət, həm də özümü inkişaf etdirdiyim sahədir.
Bəzən cəmiyyətin həssas təbəqələri haqqında danışarkən sadəcə onların nələrə ehtiyac duyduğuna diqqət yetiririk. Halbuki onların nələrə qadir olduğunu görmək də ən azı bunun qədər vacibdir. “Yurdum”da keçirdiyimiz vaxt bunu bir daha göstərir ki, doğru mühit yaradıldıqda hər bir insan öz bacarığını ortaya qoymaq, öyrənmək və faydalı olmaq üçün imkan tapa bilər.
Günün sonunda isə mərkəzdəki səs-küy tədricən səngiyir. Mətbəxdə qablar yığılır, hazırlanan əl işləri öz yerinə qoyulur, rəsm dəftərləri bağlanır. Amma gün ərzində öyrənilənlər orada qalmır. Hər bir gənc özü ilə yeni bir bacarıq, təcrübə və bəlkə də özünə dair yeni bir inam aparır. “Yurdum”un əsas hekayəsi də məhz buradadır, çünki cəmiyyətə inteqrasiya yalnız bir qapının açılması deyil, həmin qapıdan keçən hər bir insanın özünü orada dəyərli və aid hiss etməsi ilə tamamlanır.
L.TƏHMƏZ,
Cavid QAÇAYEV (foto)
XQ