Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
...Ermənistan niyə “düz” etmirmiş?
Rusiya ictimai rəyinin təmsilçiləri ilə yanaşı, ölkə rəsmilərinin Ermənistanla bağlı mənfi ritorikaları davam edir. Əslində, bu, bir növ, adət halını almış durumdur. Ona görə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun dediklərinə diqqət yetirməmək də olardı. Ancaq Kreml rəsmisinin nələri söylədiyinə nəzər salmaq lazımdır və bunun səbəbini sonda bildirəcəyik.
Beləliklə, cənab Uşakovun sözlərindən gəlinən qənaət budur ki, Moskva Ermənistan ətrafındakı vəziyyəti Rusiyanın iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirir: “Yeri gəlmişkən, Ermənistanın siyasi və xarici iqtisadi tərəddüdləri nümunəsində biz qaydalara əsaslanan nizamın tərəfdarlarının ölkəmizin birbaşa iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq üçün israrlı cəhdlərini görürük”. Yəni Y.Uşakov bildirir ki, Ermənistanın timsalında Cənubi Qafqaz Kremlin təsir zonasıdır, Qərb bu zonanı əldə etməyə çalışır və proses Rusiyanı regiondan kənar tutmaq məqsədi daşıyır. Əlbəttə, onun söylədiklərində reallıq payı var. Həqiqətən, Qərb məhz Uşakovun vurğuladığı kateqorik məqsədə köklənib. Bu məqsəddə isə kompromislərə yer yoxdur. Məsələn, Avropa İttifaqı istəməz ki, Ermənistan Qərblə Rusiya arasında balanslı siyasət yürütsün. Amma...
“Əmma”lar çoxdur. Ondan başlayaq ki, Ermənistanda rus qoşunları var və bu, Kremlin regionda hərbi mövcudluğudur. Hərbi mövcudluq isə normal məntiqə sığmayan durumdur. Axı bir ölkənin ərazisində başqa ölkənin hərbçiləri niyə qalmalıdır? Digər tərəfdən, niyə bir ölkənin hərbçilərinin digər ölkədəki varlıqları illərlə davam etməlidir? Əgər söhbət hansısa təhlükənin qarşısını almaqdan, bunun üçün dəstək göstərməkdən gedirsə, suallar yaranır: təhlükə bilmədimi? Nə vaxt bitəcək? Nəhayət, rus qoşunları Ermənistanda sonsuzadəkmi qalmalıdır?
Əlbəttə, rus hərbçilərinin Ermənistanda qalma müddəti konkret sənəddə əksini tapıb. Amma hər kəsə yaxşı məlumdur ki, həmin sənəd, mahiyyətcə, heç nədir. İrəvan istənilən an onu ləğv edə, bu məqsədlə hüquqi prosedurlara başlaya bilər. Eləcə də indi hansısa müqaviləyə söykənib Ermənistandakı rus qoşunlarının mövcudluğuna don geydirmək cəhdləri səmərəsizdir.
Sözümüz ondadır ki, Rusiya Uşakovun təbirincə desək, inteqrasiyadan söz açanda, böyük ölçüdə, Cənubi Qafqazda təsir zonası, hərbi mövcudluq amilinə köklənir. Bu köklənişdə Ermənistanın müstəqil dövlət kimi qəbullanması yox kimidir və əslində, hazırkı erməni ictimai rəyini düşündürən məhz budur. Elə isə növbəti sual yaranır: Rusiya Ermənistanın müstəqil dövlət olaraq mövcudiyyətinə imkan tanımayacaq? Sualı elə-belədən vermirik. Çünki Rusiyanın Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkiləri əsnasında hansı qüvvələri hakimiyyətə gətirmək istiqamətində cəhdlər göstərdiyi məlumdur. O qüvvələr ki, onlar üçün prioritet təkcə bir ölkənin kursunun Rusiyayönümlü saxlanılması deyildi.
Bəli, Ermənistanda Baş nazir Nikol Paşinyan iqtidarını seçki yolu ilə devirmək istəyən qüvvələrin təmsilçilərinin fikirlərinə diqqət yetirəndə aydın görünürdü ki, bu kəsim Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamamaqda israrlıdır. Yəni mahiyyət Uşakovun barəsində söz açdığı inteqrasiyadan kənar motivlərə əsaslanıb və Rusiya da məhz belə bir qəddar düşərgəni dəstəkləyib. Məgər Moskvanın Ermənistan seçkilərində üzərinə siyasi sərmayə yatırdığı normal siyasi partiya və ya blok olmayıb? Elə isə Rusiyanın səmimiyyətinə necə inanaq? Sual ritorikdir. Ona görə də hazırda erməni iqtidarı ölkədəki rus təsir instrumentlərini sıradan çıxarmağa girişib. Necə deyərlər, ölkədə tuthatutdur. Çünki seçki bu siyasi alətlərin hansı oyunbazlıqlar törətdiklərini ortaya qoydu. Elektoratın pulla alınmasından tutmuş, bir çox eybəcərliklərədək yaşandı. Ümumən, Ermənistandakı parlamentarizmdən sui-istifadə anlamı daşıyan hadisələr gerçəkləşdi. Bunlar baş verməyə bilməzdimi? Görünür, bilməzmiş.
Həm də ona görə bilməzmiş ki, Uşakov Ermənistanla Ukrayna arasında paralel aparır, vurğulayır ki, əsrlər boyu qonşuluqda yaşamış, daim bir-birinə yardım etmiş xalqların tarixini və coğrafiyasını yenidən yazmağın mümkün olduğu barədə illüziya yaradılır: “Ukrayna ətrafındakı vəziyyətə baxdıqda, bütün bunların hansı faciəyə gətirib çıxara biləcəyi aydın görünür”. Ukraynadakı vəziyyət məlumdur. Görəsən, orada hansı tarix yazılır? Reallıq budur ki, Rusiya müstəqil ölkəyə hücum çəkib onun beynəlxalq hüquqla təsbit olunmuş ərazilərini ələ keçirib. Müharibənin başqa səbəbi yoxdur. Ümumən, Rusiya-Ukrayna ziddiyyətlərini doğuran daha böyük səbəblərə gəlincə, meydana yenə suallar çıxır: Necə olur ki, iki qardaş xalq bir-birinə düşmən kəsilir? Bunun günahkarı təkcə Qərbdirmi, yaxud məsələ yalnız Qərbin təhriki iləmi bağlıdır?
Yaxşı, deyək ki, bu gün Ermənistan Qərbin yağlı vədlərinə inanır. Ukrayna nə üçün inanmışdı? Moldova niyə inanıb? Uşakovun təbirincə desək, əsrlər boyu qonşuluqda yaşamış, daim bir-birinə yardım etmiş xalqlar hazırda hansı səbəbdən bir-birilərindən üz döndərirlər? Söhbət, konkret olaraq, Rusiyadan üz döndərmək tendensiyasından gedir.
Sualların çox sadə cavabı var: rus siyasi düşüncə sistemi yarıtmazdır və Uşakovun, yaxud hansısa digər Rusiya rəsmisinin Ukrayna ilə Ermənistanı eyniləşdirməsi Kremlin xalqların ondan uzaqlaşmalarının qarşısını almaq üçün normal rıçaqlarının istisnalığından qaynaqlanır. Nə vaxtadək hərbə-zorba, hədə-qorxu olar? Məgər bununla nə isə əldə etmək mümkündürmü? Axı indi nə XX əsrin əvvəlləri, nə də çar Rusiyası zamanıdır. Bəli, dövr və zaman dəyişsə də, Rusiya dəyişmək, xalqlar üçün normal məkana çevrilmək istəmir ki, istəmir. Halbuki, bunun üçün imkan var. İmkan ona görə var ki, Avropa məkanının cəlbedici təqdimatlarının da mahiyyətində saxtakarlıq dayanır. Rusiya köhnəlmiş, imperialist xislətə əsaslanmış tərzini kənara qoysa, durumdan yararlana bilər. Bunun üçün isə ölkənin özünün islahatlara getməsi, Qərbdən daha düzənli sistem yaratması lazımdır.
Məgər Rusiyada Avropanın hazırkı sosial cəmiyyətlərinin vaxtilə kommunizmin xalqlara ədalət egidasından çəkinərək formalaşdırıldığını bilmirlər? Axı “köhnə qitə”nin düşüncə sistemi indiki rifah düzənini məhz kommunizmin sözdə ədalət çağırışlarının yayılmasından ehtiyatlandığı üçün qurmuşdu. İndi də Rusiya vəziyyətdən yararlansın. ...Amma Rusiyada dediklərimiz barədə düşünən yoxdur. Düşüncə cəzalandırmaq məntiqinə söykənir. Müvafiq olaraq, Ermənistan da Rusiyanın orbitindən çıxırsa, cəzalanmalıdır. Görəsən, Ukrayna “cəzalandırıldı” nə oldu? Nəinki Uşakovun, eləcə də bütün Rusiya rəsmilərinin siyasi varisləri Rusiya-Ukrayna münasibətlərinin timsalında daha xalqların tarixən birgə yaşayışından danışa bilməyəcəklər. Çünki iki qardaş xalq arasında dəhşətli uçurum yaranıb, sağalmaz yaralar var. Aydındır ki, insanların yaşamaq uğrunda aciz mübarizə apardıqları ölkə yalnız məcburiyyət məkanıdır və bu gün müstəqil Ermənistan o məkanı dəyişir. Ölkəyə nankor damğası vuran rus ictimai rəyi isə faktiki olaraq bu fikirdədir: bizimlə birgə çürüməlisiniz! Axı niyə və nə üçün? Hələ Ermənistanın Rusiyaya, belə demək mümkünsə, avantüra borcunun olduğunu ağlına gətirənlər də var. Haylar üçün Qarabağ identikliyi uyduranlar məhz onlardır. Təxminən belə: Qarabağ, yəni başqasının torpağı uğrunda vuruşun və ölün. Ona görə ki, Rusiya Cənubi Qafqazda “inteqrasiya mühiti” qursun?! Gördük o inteqrasiyanı!
Ermənistan işğalçı siyasəti ilə otuz ilə yaxın regionun dünyaya inteqrasiyası yolunda əsl əngələ çevrildi, özünü inkişafdan və rifahdan geri qoydu. O səbəbdən geri qoydu ki, ölkədə Rusiyanın dəstəklədiyi təcavüzkar, cinayətkar xunta rejimi hökm sürdü. O rejim ki, həm də erməni xalqının qanını içdi. Rusiya durumdan nəticə çıxarmaq əvəzinə, 7 iyun seçkilərində yenidən belələrini qalib etməyə çalışdı. Üstəlik, çalışdı ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra yaranmış reallıqlar sıradan çıxsın, Ermənistan dünyadan təcrid durumunda qalsın, ermənilər onlar üçün uydurulmuş mif və əsatirlərdəki döyüşçü obrazında, əslində isə daim qonşularının üzərinə salına biləcək sadiq köpək ampluasında olsunlar. Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq. Yəni Uşakovun fikirlərinin üzərində dayanmağın vacibliyinə. Bəli, Azərbaycan Rusiyanın Cənubi Qafqaza tarixi bağlılıq tellərini kənara qoymur. Amma ölkəmiz bu düzəndə elə Rusiyanın da iştirakı ilə normal, bərabərtərəfli münasibətlərin qurulmasının, yaşadığımız coğrafiyanın davamlı və sistemli əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır. Buna görə regionda sülhün və sabitliyin olması mütləqdir. Bu gün Rusiyada kimsə Ermənistanla Ukrayna arasında paralel aparırsa, bu düşüncə dinclik, əmin-amanlıq və barış üçün yad təmayüldür.
Ən sonda onu da deyək ki, Azərbaycan Cənubi Qafqazın hazırda qərarlaşmağa doğru gedən sabitlik və inkişaf mühitini pozmağa yönəlmiş bütün hərəkət və davranışlara qarşı çıxacaq. Fərqi yoxdur, bu hərəkət və davranışlar Qərbdən, yaxud Rusiyadan idarə olunur. Prezident İlham Əliyevin vurğuladığı kimi, əsrlərdir gərginliklər, müharibələr görmüş region, nəhayət, rahat nəfəs almalıdır.
Ə.CAHANGİROĞLU
XQ