Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının II turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə darmadağın edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərlə dialoqda bir çox önəmli məqamlara toxunub:

– Avrokuboklar səbəbindən hazırlığa erkən başladınız. Mövsümün əvvəlindəki bu üstünlük həmin amillə bağlıdır?

– Bu suala dəqiq cavab vermək çətindir. Bəli, Konfrans Liqasına görə toplanışa digərlərindən daha tez start verdik, lakin təsnifat mərhələsindən kifayət qədər vaxt ötüb və hər bir komandanın hazırlaşmağa imkanı olub. İki oyundur yaxşı futbol sərgiləyirik. Bu gün böyükhesablı qələbə qazandıqsa, deməli, “Neftçi”nin günü idi. “Araz-Naxçıvan” heç də zəif rəqib deyil, heyətləri yenilənib, keyfiyyətli oyunçuları və məşqçiləri var. Sadəcə, bu gün birinci taymda tətbiq etdiyimiz yüksək presinq nəticəsini verdi və rəqibə imkan tanımadıq.

– İlk hissəni 4:0 öndə bitirdikdən sonra ikinci yarıda tempi aşağı salmağınız və şansları boşa verməyiniz sizi narazı salmadı?

– Fasiləyə dörd qolluq üstünlüklə yollandıqdan sonra ikinci taymda eyni tempi qorumaq çətindir. Hətta adətən fərdi çıxışları vurğulamayan biri kimi vitse-kapitanımız Emil Balayevi qeyd etmək istəyirəm. O, ikinci hissədə 3 çətin topu çıxardı, təkbətək vəziyyətdən qalib ayrıldı. Bu da o deməkdir ki, ikinci hissələrdə eyni səhvləri təkrarlamamaq üçün daha çox işləməliyik.

– Mövsümə iki qələbə ilə başlamaq azarkeşlər üçün böyük ümiddir. “Neftçi” rəvan yoluna davam edir?

– Futbolçularıma təşəkkür edirəm, gərginlikdən sonra özlərini bərpa edə bildilər, lakin ilk iki qələbədən sonra göylərdə uçmaq üçün çox tezdir. Qarşıda bizi “Zirə” ilə çətin oyun gözləyir. Çempionat bərabərsəviyyəli komandalardan ibarətdir, hətta liqanın yeni təmsilçisi “Şəfa”nın “Qəbələ”ni məğlub etməsi buna sübutdur. Hər matça ayrıca hazırlaşmalıyıq.

– Əvəzedici heyətdən əsas komandaya gətirilən Aslan Şirinov bu gün debüt etdi. Oyundan sonra onunla nə danışdınız?

– Hazırda gənclərdən Aslanla yanaşı, Məhəmməd Məmmədli və Mehdi Həsənov da bizimlə məşq edirlər. İstəyirəm ki, həm milli komandanın, həm də gənclərdən ibarət seçmələrin məşqçilərinə keyfiyyətli oyunçular yetişdirməkdə kömək edim. Aslan bu şansı öz zəhməti ilə qazanıb. Güclü və sürətlidir, amma ən başda böyük həvəsə sahibdir. Qələbə qazandığımız matçda debüt etməsi onun üçün böyük motivasiya olacaq.

– “Araz-Naxçıvan”ın baş məşqçisi məğlubiyyəti hücumda son pasların alınmaması ilə əlaqələndirdi…

– Həmkarımın fikrini dəstəkləyirəm. Onlar yeni formalaşan komandadır, zamana ehtiyacları var. Rəqibin heyətində bəyəndiyim çox keyfiyyətli futbolçular var. Ümumiyyətlə, səhv etmək təbiidir, əsas odur ki, həmin xətalardan doğru nəticə çıxaraq.

– Bombardirlər siyahısına Almeyda başçılıq edir, komandanız da zirvədədir. Avrokuboklarda “Qarabağ” və “Sabah”a azarkeşlik edəcəksiniz?

– Əlbəttə, dəstək olacağam. Əsas odur ki, hər iki komandamız liqa mərhələsinə vəsiqə qazansın. Toplanan xallar ümumi futbolumuzun inkişafı üçün vacibdir. Qətiyyən arzulamazdım ki, onlar yorulsunlar və bizə qarşı zəifləsinlər. Əksinə, istəyirəm ki, təmiz və bərabər şəraitdə mübarizə aparaq, güclü olan qalib gəlsin.

– Komandanız olduqca məzmunlu və sürətli futbol oynayır. Digər rəqiblərə qarşı da bu taktikaya üstünlük veriləcək?

– Hər komandaya qarşı eyni üslubda oynamaq olmaz. “Zirə”, “Qarabağ”, “Turan Tovuz” və “Sabah”la matçların hərəsinin öz yanaşması var. Biz rəqibləri dərin təhlil edib maksimum xal qazanacaq taktikanı seçirik. İdealımda dominant futbol var, buna görə də transfer məsələsində diqqətliyik. Bura yalnız “Neftçi” üçün tər tökmək istəyən keyfiyyətli futbolçular gəlməlidir.

– “Neftçi”də standart vəziyyətlərdən vurulan qolların sayı artıb. Məşqlərdə buna xüsusi vaxt ayırırsınız?

– Müasir futbolda qolların böyük faizi standartlardan vurulur. Biz rəqibin autlarına, künc və cərimə zərbələrinə qədər ən xırda detalını analiz edirik. Bəzən rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm. Məşqçilər korpusumla 16 ildir birgə işləyirik və bu zəhmətin bəhrəsini meydanda görmək sevindiricidir.

– Minsk “Dinamo”suna məğlubiyyətdən bir ay keçir. İndi həmin rəqiblə qarşılaşsaydınız, mərhələni keçərdiniz?

– Bu suala cavab vermək istəmirəm. Həmin oyunun ağrısı mövsümün sonuna, bəlkə də daha sonraya qədər mənimlə qalacaq. Baş məşqçi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm, futbolçularda günah axtarmıram. Azarkeşlərimizdən bir daha üzr istəyirəm və çalışacağıq ki, onları bir daha belə məyus etməyək.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью