Icma.az bildirir, Idman.biz portalına istinadən.
Azərbaycanın “Neftçi” futbol komandasının yeni transferi Freddi Varqas baş məşqçi Yuri Vernidubun tələbi ilə qarşıdakı günlərdə artıq çəkidən qurtulmalıdır.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, venesuellalı yarımmüdafiəçinin Premyer Liqanın ilk turlarında gözlənilən performansı göstərə bilməməsi və oyunların gedişində əvəzlənməsi məhz bununla əlaqələndirilir.
Ukraynalı mütəxəssis futbolçuya artıq çəkisini irad tutaraq, qısa müddətdə ideal formasına qayıtmasını tələb edib.
Bildirilir ki, Varqas tapşırığı yerinə yetirməyəcəyi təqdirdə qarşıdakı oyunlarda start heyətində yer almayacaq və böyük məbləğdə cərimələnə bilər.
Venesuellalı futbolçu isə problemin yalnız özündən qaynaqlanmadığını bildirib. O, iyunda “Neftçi”dən ayrıldıqdan sonra bir müddət məşq edə bilmədiyini, “Makkabi” ilə danışıqların getdiyi dövrdə yaranan qeyri-müəyyənliyin də normal hazırlıq keçməsinə mane olduğunu qeyd edib. Varqas ötən mövsümdəki formasına qayıtmaq istədiyini və bunun üçün ona vaxt və şans verilməsini xahiş edib.