Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Şəki şəhərində yerləşən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə səfəri təşkil olunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Şəki Xan sarayı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 2019-cu ilin iyulunda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.
Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir.
Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Diqqətə çatdırılıb ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür.
Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.