Yuxu dərmanları uzun müddətdə yuxunu poza BİLƏR

05.05.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxu pozuntuları zamanı istifadə olunan yuxu dərmanları yalnız qısa müddət üçün tövsiyə edilir. Uzun müddətli istifadə isə yuxunun təbii strukturunu poza bilər.

Redaktor.az xəbər verir ki, bu barədə somnoloq, professor Eduard Yakupov "gazeta.ru"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi preparatlar insanın daha tez yuxuya getməsinə kömək etsə də, uzun müddətdə yuxunun fazalarını pozur. Xüsusilə benzodiazepin qrupuna aid dərmanlar yuxunun “arxitekturasını” dağıdır. Normalda insan gecə ərzində 4–6 dəfə dərin və sürətli yuxu fazaları arasında keçir, lakin bu dərmanların uzunmüddətli qəbulu həmin tarazlığı pozur.

Nəticədə insan kifayət qədər saat yatmasına baxmayaraq, özünü tam dincəlmiş hiss etmir. Səhər yorğunluğu, diqqətin azalması, gün ərzində yuxululuq və iş qabiliyyətinin aşağı düşməsi müşahidə olunur.

Mütəxəssis qeyd edir ki, yuxu problemləri çox vaxt başqa xəstəliklərin fonunda yaranır. Bunlara depressiya, təşviş pozuntuları, obstruktiv yuxu apnesi və digər hallar daxildir. Belə vəziyyətlərdə müalicə birbaşa səbəbə yönəlməlidir.

Yakupov vurğulayıb ki, yalnız yuxusuzluğu aradan qaldırmağa çalışmaq və səbəbi araşdırmamaq problemi daha da xroniki hala sala bilər. Onun sözlərinə görə, bir çox hallarda pasiyentlər yuxu dərmanı istəsə də, müayinələr nəticəsində əsas problemin başqa olduğu ortaya çıxır.

Ekspert əlavə edib ki, təbii yuxu ilə dərman vasitəsilə əldə olunan yuxu arasında ciddi fərq var və uzun müddət bu fərqin nəzərə alınmaması orqanizm üçün mənfi nəticələrə səbəb ola bilər.

Həkim özbaşına müalicədən, xüsusilə yuxu dərmanları və qida əlavələrinin nəzarətsiz qəbulundan çəkinməyi və yuxusuzluğun səbəbini müəyyən edərək ona uyğun müalicə aparmağı tövsiyə edir.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью