Yuxu müddəti 1000 dən çox xəstəliklə əlaqələndirilib

20.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Çinli alimlər yuxunun müddəti və quruluşu ilə müxtəlif xəstəliklərin yaranma riski arasında əlaqə olduğunu müəyyən ediblər.
Yeniavaz.com
xəbər verir ki, araşdırmanın nəticələri “PLOS Medicine” jurnalında dərc olunub.
Pekin Universitetinin alimləri 95 mindən çox insanın sağlamlıq vəziyyətini 9 il ərzində izləyiblər. İştirakçılar 7 gün ərzində biləklərində yuxunu izləyən cihazlar daşıyıblar.
Tədqiqatçılar yuxunun müxtəlif mərhələlərini, o cümlədən REM (Bu mərhələdə beyin aktivləşir, gözlər bağlı olduğu halda sürətlə hərəkət edə bilər), dərin və səthi yuxunu təhlil ediblər. Daha sonra əldə olunan məlumatlar iştirakçıların tibbi qeydləri ilə müqayisə olunub.
Araşdırma zamanı yuxu xüsusiyyətləri ilə 1000-dən çox xəstəlik arasındakı əlaqə öyrənilib.
Ən çox əlaqə REM yuxusu ilə bağlı aşkar edilib. Bu, yuxuların daha çox görüldüyü mərhələdir. Daha uzun REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilib.
Bu xəstəliklər arasında ürək çatışmazlığı, demensiya, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi və dağınıq skleroz da yer alıb.
Dərin yuxunun daha çox olması isə 7 xəstəliyin aşağı riski ilə əlaqəli olub. Bunlara 2-ci tip şəkərli diabet, ağır depressiya və yuxu apnesi daxildir.
Alimlər gecə yuxusunun müddəti ilə xəstəlik riski arasında da əlaqə müəyyən ediblər. Gündə 6-8 saat yatan insanlarda 69 xəstəlik üzrə ən aşağı risk göstəriciləri müşahidə olunub.
5 saatdan az yatan iştirakçılarda isə 37 xəstəlik üzrə riskin artdığı müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, araşdırma müşahidə xarakteri daşıyır. Buna görə də yuxunun müəyyən müddətinin və ya mərhələlərinin xəstəliklərin qarşısını birbaşa aldığını sübut etmək mümkün deyil.
Alimlər yuxunun müxtəlif mərhələləri ilə xəstəliklər arasındakı əlaqəni daha dəqiq anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu qeyd ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью