Yuxu saatınız ömrünüzə təsir edir: Bu rəqəmi yadda saxlayın!

13.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Gecə neçə saat yatmağımız təkcə gündəlik enerjimizə deyil, həm də orqanizmin bioloji qocalma sürətinə təsir göstərə bilər. Yeni araşdırma sağlamlıq üçün ən əlverişli yuxu müddətini müəyyən edib.

Moderator.az xəbər verir ki, Kolumbiya Universitetinin alimləri təxminən yarım milyon insanın məlumatlarını təhlil edərək yuxu müddəti ilə bioloji yaşlanma arasındakı əlaqəni araşdırıblar.

Polşanın “Interia Zdrowie” nəşrinin məlumatına görə, tədqiqat zamanı beyin, ürək, ağciyər və immun sistemi də daxil olmaqla, orqanizmin 17 sisteminə aid 23 bioloji göstərici qiymətləndirilib.

Nəticələr göstərib ki, ən əlverişli göstəricilər gecə 6,4-7,8 saat yatan insanlarda müşahidə olunub. Altı saatdan az və ya səkkiz saatdan çox yatanlarda isə bioloji qocalmanın sürətlənməsi əlamətlərinə daha çox rast gəlinib.

Az və çox yatmaq niyə zərərlidir?

Yuxu çatışmazlığı hormonal tarazlığı poza, stressi artıra, qan şəkəri və təzyiqin tənzimlənməsinə mənfi təsir göstərə bilər. Uzun müddət davam edən yuxusuzluq orqanizmin bərpa proseslərini də zəiflədir.

Həddindən artıq yatmaq isə hər zaman birbaşa sağlamlıq problemi demək deyil. Lakin uzun yuxu ehtiyacı bəzən xroniki xəstəliklərin, psixoloji problemlərin və ya gecə yuxusunun keyfiyyətsiz olmasının əlaməti ola bilər.

Yuxu çatışmazlığı hansı xəstəliklərin riskini artırır?

Tədqiqatda altı saatdan az yatan insanlarda depressiya, narahatlıq pozuntuları və piylənmə ilə daha sıx əlaqə müşahidə edilib. Həmçinin yuxu çatışmazlığı 2-ci tip diabet, hipertoniya, koronar ürək xəstəliyi və ürək ritminin pozulması ilə əlaqələndirilib.

Alimlər astma, qastrit və qastroezofageal reflüks kimi xəstəliklərin də həm az, həm də həddindən artıq yuxu ilə əlaqəli ola biləcəyini bildiriblər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr yuxu müddəti ilə bioloji qocalma arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, kifayət qədər və keyfiyyətli yuxu sağlamlığın qorunmasında mühüm amil olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью