Yuxunu dərmansız necə yaxşılaşdırmaq olar? ARAŞDIRMA

02.02.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliyalı alimlər sübut ediblər ki, səhər saatlarında qısa müddətli günəş işığına məruz qalmaq yuxu keyfiyyətini yaxşılaşdırmağa və bioloji saatı normallaşdırmağa kömək edir.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub.

Tədqiqat Braziliyanın Ouro-Preto Federal Universitetinin alimləri tərəfindən aparılıb. Araşdırmada ölkənin müxtəlif bölgələrindən olan 1,7 mindən çox yetkin şəxs iştirak edib. Alimlər iştirakçıların günəş altında nə qədər vaxt keçirdiyini üç zaman aralığında qiymətləndiriblər: səhər saat 10:00-dək, 10:00–15:00 arası və 15:00-dan sonra. Yuxunun keyfiyyəti isə Pittsburq Yuxu Keyfiyyəti İndeksi (PSQI) vasitəsilə ölçülüb.

Araşdırmada “yuxunun orta nöqtəsi” adlanan göstəriciyə xüsusi diqqət yetirilib. Bu göstərici yuxunun insanın sirkadiyal ritmləri ilə nə dərəcədə uyğunlaşdığını əks etdirir. Məlum olub ki, səhər saat 10:00-dək günəş işığında keçirilən hər əlavə 30 dəqiqə, yuxunun orta nöqtəsini təxminən 23 dəqiqə daha erkən vaxta çəkir. Bu isə daha stabil bioloji saatın göstəricisi sayılır. Eyni zamanda, səhər saatlarında daha çox günəş işığı alan şəxslər yuxularının keyfiyyətini subyektiv olaraq daha yaxşı qiymətləndiriblər.

Gün ərzində və axşam saatlarında alınan işığın da yuxuya təsiri müşahidə olunub, lakin bu təsir xeyli zəif olub. Araşdırma zamanı yuxunun müddəti, yuxuya getmə vaxtı və yuxunun effektivliyi ilə alınan işıq miqdarı arasında birbaşa əlaqə aşkar edilməyib.

Alimlər vurğulayırlar ki, yuxunun müddəti dəyişməsə belə, səhər günəşi orqanizmin daxili bioloji saatını “tənzimləməyə” kömək edir. Onların fikrincə, günün ilk yarısında günəş işığına çıxmaq vərdişi yuxu dərmanlarından istifadə etmədən sağlam yuxunu dəstəkləməyin sadə və təbii yolu ola bilər.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью