Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
"Lakin biz başa düşməliyik ki, məktəbi sadəcə "kiməsə" tapşırmaq yox, onu müasir menecerə həvalə etmək dövrün əsas tələbidir"
Hazırda ölkənin 600 ümumtəhsil məktəbi başsızdır. Başsızdır kəlməsini dırnaqsız ona görə yazdıq ki, məktəb direktoru məktəbin başçısı sayılır. Bəs səbəb nədir buna? Millət vəkili Fazl Mustafa səbəbin məktəb direktor seçimi prosesinin mürəkkəb olmasıyla izah edib. Deputat qeyd edib ki, 600 məktəbin siması görünməməkdədir. Direktor seçimi niyə bu qədər çətin, qəliz olmalıdır? Hər dəfə yeni metodologia kəşf olunur. Test mərhələsi, müsahibə mərhələsi, 500 şagird yerlik məktəblərə rəhbər seçimi ayrı aparılır, 500 şagird yerlikdən artıq olanlara 3 mərhələli sistem tətbiq olunur, belə bir labirint yaradılıb. Nəticədə isə bəzən heç də layiq olmayanlar seçilir. Məktəblərin direktorsuz qalması da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, məktəb direktoru təyinatı məsələsi təhsil sisteminin ən həssas "arteriya" damarlarından biridir. Deputat Fazil Mustafanın qaldırdığı 600 boş vakansiya məsələsi əslində kadr çatışmazlığından deyil, kadr seçimindəki filtrin kifayət qədər sərt və prosesin bəzən bürokratik ləngimələrlə müşayiət olunmasından qaynaqlanır:
- Lakin biz bu günə baxdıqda mənzərənin dəyişdiyini, prosesin artıq köhnə qəliblərdən çıxdığını görürük. Məktəb direktorlarının işə qəbulu prosesi uzun müddət həm namizədlər, həm də ictimaiyyət tərəfindən çoxmərhələli və mürəkkəb bir "imtahan labirinti" kimi qəbul edilirdi. Bəli, parlamentdə səslənən o rəqəmlər – yüzlərlə məktəbin direktorsuz qalması – idarəetmədə müəyyən bir vakuum yaradırdı. Lakin biz başa düşməliyik ki, məktəbi sadəcə "kiməsə" tapşırmaq yox, onu müasir menecerə həvalə etmək dövrün əsas tələbidir. Təhsil sahəsindəki son islahatlar göstərir ki, artıq direktor seçimi yalnız test imtahanı və ya klassik müsahibədən ibarət deyil. Əsas yeniliklərdən biri Regional Təhsil İdarələrinin bu prosesdə rolunun artması və seçim mexanizminin daha çox "idarəetmə kompetensiyalarına" yönəlməsidir. Köhnə sistemdə namizədlərin akademik biliyi ön plana çəkilirdisə, yeni yanaşmada onların böhran anında qərarvermə, büdcəni idarəetmə və kollektivlə işləmək bacarıqları, yəni "soft skills" dediyimiz keyfiyyətləri ölçülür. Bundan əlavə, hazırda direktorların işə qəbulu prosesi daha operativ mərhələlərə bölünüb. Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalara görə:
* Mərkəzləşdirilmiş imtahanların şəffaflığı artırılıb.
* Ucqar kənd məktəbləri üçün xüsusi həvəsləndirici tədbirlər və direktorların rotasiyası mexanizmi işə düşüb.
* Ən əsası, "Direktorlar Korpusu" formatında ehtiyat kadrların hazırlanması prosesi sürətlənib ki, bu da deputatın qeyd etdiyi o boş vakansiyaların qısa zamanda peşəkar kadrlarla doldurulmasına imkan verir.
Ə.Həsənli qeyd etdi ki, direktorsuz qalan məktəb, başçısı olmayan orqanizm kimidir. Lakin keyfiyyətsiz idarəetmə, vəzifənin boş qalmasından daha təhlükəlidir:
- Hesab edirəm ki, yeni tətbiq olunan seçim qaydaları bu ləngimələri aradan qaldıracaq və yaxın gələcəkdə biz kəmiyyət yox, keyfiyyət dəyişikliyinin şahidi olacağıq. İndi əsas hədəf məktəbi sadəcə tədris binası kimi deyil, bir ekosistem kimi idarə edə biləcək liderləri o kürsülərə gətirməkdir.