“Z” nəsli evlilik məsələsinə daha müsbət yanaşır

01.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Gənclərin evlilikdən və uzunmüddətli münasibətlərdən uzaqlaşdığı ilə bağlı fikirlərin əksinə, yeni araşdırma “Z” nəslinin evliliyə marağının yüksək olduğunu göstərib.

"Cebheinfo.az" xəbər verir ki, “Match Group”un 2026-cı il üzrə “Amerikadakı subaylar” araşdırmasına görə, “Z” nəslinin 72 faizi gələcəkdə evlənmək istədiyini bildirib. Bu, digər nəsillərlə müqayisədə ən yüksək göstəricidir.

İndiana Universitetinin Kinsey İnstitutu ilə birgə aparılan araşdırmada ABŞ-da təxminən 5 min subay yetkin iştirak edib.

Araşdırmaya əsasən, respondentlərin 76 faizi romantik sevginin ömür boyu davam edə biləcəyinə inanır. İştirakçıların 61 faizi isə hər kəs üçün uyğun həyat yoldaşının və ya “ruh əkizinin” olduğuna düşünür.

Sorğunun nəticələri göstərib ki, insanlar münasibətlərdə yalnız fiziki cazibə və həyəcanı əsas götürmürlər. İştirakçıların sakitlik və emosional təhlükəsizliyə üstünlük vermə ehtimalı ehtiras və həyəcanla müqayisədə iki dəfədən çox olub. 

Respondentlərin 49 faizi əvvəlcə cəlbedici hesab etmədiyi birinə sonradan aşiq olduğunu bildirib. Yaxşı ünsiyyət, ortaq maraqlar və oxşar dəyərlər zaman keçdikcə qarşı tərəfə olan cazibənin yaranmasının əsas səbəbləri arasında göstərilib. Ekspertlər “Z” nəslinin evliliyə marağında tanışlıq tətbiqlərindən və qısa müddətli, qeyri-müəyyən münasibətlərdən yaranan yorğunluğun da rol oynaya biləcəyini bildirirlər.

Onların fikrincə, gənclər uzunmüddətli münasibət istəyirlər, lakin müasir tanışlıq formalarının onları bu məqsədə çatdıracağına daha az güvənirlər.

Araşdırmada maliyyə məsələlərinin münasibətlərdə əhəmiyyətinin artdığı da müəyyən edilib. İştirakçıların 71 faizi pul məsələlərində açıq danışmağın münasibətlərdə etimad yaratdığını, 70 faizi isə evlilikdən əvvəl nikah müqaviləsi bağlamağa müsbət yanaşdığını bildirib.

Ekspertlər artan yaşayış xərclərinin də gənclərin evliliyə münasibətinə təsir göstərə biləcəyini qeyd edirlər. Bununla belə, evlənmək istəyi ilə real olaraq evlənmək eyni deyil.

Buna görə də “Z” nəslinin evliliyə olan yüksək marağının gələcəkdə nikah göstəricilərinə necə təsir edəcəyi hələ məlum deyil.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью