Zabrat Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı VİDEO

15.07.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Eldar Xəlilov küçəsinin kəsişməsində yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində yeni layihə həyata keçirib.

Mərkəzin məlumatına görə, xüsusilə görmə məhdudiyyətli şəxslərin intensiv istifadə etdiyi ərazidə müasir svetofor sistemi quraşdırılıb. Görülən işlər çərçivəsində sürücülərin svetofor siqnallarını daha rahat görməsini təmin etmək məqsədilə 1 ədəd "A" tipli svetofor dirəyi "L" tipli dirəklə əvəz edilib. Bundan əlavə, kəsişmədə 2 yeni piyada svetoforu və 4 piyada bölməsi quraşdırılıb.

Layihə çərçivəsində görmə məhdudiyyətli şəxslərin təhlükəsiz hərəkətini təmin etmək üçün svetoforlara 4 ədəd səsli xəbərdarlıq qurğusu da əlavə olunub. Qurğular svetoforun işıq siqnallarına uyğun olaraq səsli xəbərdarlıq etməklə piyadaların yolu təhlükəsiz şəkildə keçməsinə kömək edir.

Qeyd edilib ki, əvvəllər həmin kəsişmədə piyada keçidi olmadığından sakinlər yolu təhlükəli şəraitdə keçməyə məcbur qalırdılar. Problemin həlli məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ərazidə piyada keçidi təşkil olunub və müvafiq yol nişanlanma xətləri çəkilib. Yeni infrastrukturun istifadəyə verilməsi ilə piyadaların, xüsusilə də görmə məhdudiyyətli şəxslərin hərəkət təhlükəsizliyinin əhəmiyyətli dərəcədə artırılması hədəflənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью