Zabratdakı ürəkağrıdan mənzərə ilə bağlı AÇIQLAMA

09.02.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsindəki qəbiristanlıq baxımsız vəziyyətə düşüb. Qamışlar qəbirlərin üzərini örtüb, ərazi ziyarət üçün yararsız olub. Həmçinin sahədə gölməçələr yaranıb, bu da vəziyyəti daha da çətinləşdirir. Din qəbiristanlıqlara hörmət etməyi və onları qorumağı vacib sayır.
Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, cəmiyyət olaraq bütün məsələləri qurumların üstünə atmamalıyıq:
"Vacib məsələlər var ki, onları özümüz icra etməliyik və kollektiv surətdə tənzimləməliyik. İslam dini baxımından qəbirlər insan həyatının faniliyini xatırladan, mənəvi məsuliyyəti gücləndirən məkanlardır. Qurani-Kərimdə Təkasür surəsinin 2-ci ayəsində insanın qəbiristanlığa gedənə qədər dünya ilə məşğul olduğu xatırladılır, hədislərdə isə Peyğəmbər qəbirləri ziyarət etməyi tövsiyə edib".
O bildirib ki, müasir elmi və dünyəvi yanaşmada da qəbiristanlıqların qorunması cəmiyyətin mədəni səviyyəsinin göstəricisi sayılır:
"Sosial psixologiya göstərir ki, insanların ata-babalarının məzarlarına hörmət etməsi onların kimlik hissini və sosial bağlılığını gücləndirir. Urbanistika və şəhər planlaşdırılması sahəsində aparılan araşdırmalar göstərir ki, baxımlı qəbiristanlıqlar şəhər mühitinin ekoloji və mədəni balansına müsbət təsir edir. Hətta dünyəvi və ateist baxışlı filosoflar belə ölən insanlara hörmətin etik norma olduğunu qəbul edir və bunu humanizmin tərkib hissəsi hesab edir".
İlahiyyatçı deyib ki, bu baxımdan məsələyə yanaşdıqda qəbiristanlıqların baxımsız qalması nə dini, nə də insani baxımdan doğru yanaşma hesab edilmir:
"Qəbirlərin ot basması, su altında qalması və ya ziyarət üçün yararsız vəziyyətə düşməsi cəmiyyətin mənəvi və mədəni məsuliyyət sahəsinə aiddir. Dini qurumların bu sahədə maarifləndirici və nəzarətedici rolu ola bilər, lakin məsuliyyət yalnız bir qurumun deyil, bütövlükdə cəmiyyətin üzərindədir. Çünki qəbiristanlıq yalnız ölənlərin yox, yaşayanların da vicdan güzgüsüdür".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью