Zakir Həsənov hərbçiləri təbrik etdi

09.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib.

Modern.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi müstəqilliyimizin əbədi rəmzi olan 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, respublikamızın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində həyata keçirdiyi müdrik strategiya, həmçinin müasir mərhələdə möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü ardıcıl daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün, təhlükəsizliyin təminatçısına çevrilib.

Eyni zamanda, Dövlət Başçımızın tarixi sərəncamı ilə respublikamızda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi də işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinə böyük töhfədir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət quruculuğunda prioritet məsələ hesab etdiyi ölkənin müdafiə qabiliyyəti gündən-günə güclənir. Azərbaycanın dünyada nüfuzunun daha da artması, xalqımızın dövlətə, orduya inamının möhkəmlənməsi dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlərin nəticəsidir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatlarında və antiterror tədbirləri rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbələrlə düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasət, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə indi şanlı üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha Sizi 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью