Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar gün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təcəssüm etdirir.
Xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin müstəqilliyi, suverenliyi naminə həmrəyliyin nə qədər vacib olduğunu bir daha xatırladır.
Tarixi sınaqlardan qəhrəmanlıqlarla çıxmış dünya azərbaycanlılarının həmrəyliyinin, xalqımızı uğurlara aparan azərbaycançılıq ideyasının rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.