Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Zamanı düzgün qiymətləndirmək lazımdır, çünki zaman insanın ömrüdür və zamanı qiymətləndirmək ömrə dəyər vermək deməkdir. Buna görə vaxtı boş yerə itirməmək, məqsədli yaşamaq, prioritetləri düzgün müəyyənləşdirmək və həyatın hər anını faydalı şəkildə dəyərləndirmək əsasdır. Bu müsbət insani keyfiyyətləri özündə cəmləşdirə bilən insan zamanın ələyindən rahatlıqla keçir və məqsədli bir şəxs kimi həyatda yaşamaq hüququndan layiqincə istifadə edir. Bu hüquq lazımsız məşğuliyyətlərə sərf edildikdə isə zaman əldən çıxır və onu bir daha geri qaytarmaq mümkün olmur.
Bu gün çox təəssüf ki, müxtəlif cəbhələrdə zamanın dəyərini qiymətləndirə bilməyən insanlar mövcuddur. Lakin onlar düşdükləri mövcud vəziyyətdən çıxış yolunu özlərində deyil, kimlərisə günahlandırmaqda görürlər. Bacarıqsızlıqlarına və çatışmazlıqlarına haqq qazandırmaq üçün böhtan, şantaj və şər kimi vasitələri işə salır, nəticədə özlərini boş və mənasız vaxt itkisinə məruz qoyurlar. “Cəbhə” sözü dilimizdə aktiv şəkildə işlədilən, ərəb mənşəli və bir neçə mənaya malik anlayışdır. Hərbi mənada döyüş xətti, qarşıdurma və mübarizə meydanı anlamında işlənir. Coğrafi mənada “cəbhə” sözü, məsələn, hava kütlələrinin görüşdüyü xətt üçün istifadə olunur və bu, meteoroloji mənadır. Məcazi mənada da işlədilir, o cümlədən siyasi mənada da. Əslində, bu söz özü müsbət anlayışdır və bütün mənalarında faydalılıq əmsalına və zamana təsir imkanlarına görə müsbət qiymətləndirilir. Lakin biz “Xalq Cəbhəsi” adlanan bir qurumu tanıyırıq ki, bu qurum yavaş-yavaş deqradasiyaya uğrayıb və yox olmaq üzrədir. Bu qurum "Cəbhə" sözününün mənasını o qədər gözdən saldı ki, artıq heç kim həmin ifadəni işlətmək istəmir. Ərəblər bilsələr, bizə bu sözün istifadəsinə qadağa qoya bilərlər.
Partiya olaraq yanlış zaman dəyərləndirilməsi və yanlış siyasi xətt yürütməsi səbəbindən bir neçə dəfə parçalanmağa, bölünməyə və dağılmağa məruz qaldı. Halbuki, əslində “cəbhə” sözünün siyasi mənası xalqın birliyi deməkdir. Onların missiyası isə əksinə, parçalamaq və dağıtmaqdır. Bu, onların əsl məqsədidir. Təbii ki, orada olan dostlarımın hələ də qurumda təmsilçiliyini sadəcə bir nəzakət jesti olaraq qəbul edirəm (Ağaddaş Ağayev demişkən, “qoy dostların xətrinə dəyməsin”), amma bilsinlər ki, bu təmsilçilik onlara heç nə verməyəcək. Artıq o qurum rəhbərinin minlərlə nöqsanı səbəbindən təşkilat təslimçilik məhkumuna çevrilib. O qurumun perspektivsizliyini görməyən kifayət qədər insanlar ordan uzaqlaşıb və gec də olsa, lüzumsuz zaman itkisinin qarşısını alıblar. Yalnız bu gün hüquqi baxımdan mövcud olan təşkilat, siyasi baxımdan artıq mövcud deyil. Cəmiyyətdə özlərini hörmətdən və nüfuzdan salan bu təşkilatın hüquqi mövcudluğu məncə lazımsızdır. Partiyanın idarəetmə sistemində isə o qədər boşluqlar var idi ki, insanlar bu boşluqlar məkanında dayanmağa məcbur olurdular.
Partiyanın birinci şəxsi heç vaxt özündən başqa heç kimi lider kimi görmək istəmədi və daxildə bürokratik və diktatorluq havası yaratdı. Partiyanın yanında və ətrafında olan, rəhbərlikdə təmsil olunan şəxslərə zamanında xəyanət etdi. Lakin özlərini ideya hərəkatı kimi cəmiyyətə təqdim etmişdilər. İdarəçilik gücü olmadığı üçün sınaqdan keçə bilmədilər və uzun müddət ciddi vaxt itkisinə məruz qaldılar. Bu gün hətta dövlətə xəyanət maddəsi ilə şübhəli şəxs kimi saxlanılan cəbhə sədrinin siyasi təşkilatının sonu gəlib. Təşkilatda isə əvvəldən mövcud olmayan sistemli idarəçiliyi qurmaq artıq qeyri-mümkündür. İdarəçiliyə bir neçə dəfə cəhd edən şəxslər olsa da, məncə, bu növbəti vaxt itkisinə məruz qalmamaq daha yaxşıdır. Əli Kərimlini əvəz edəcək bir şəxs yoxdur, çünki idarəçilik sistemini elə bərbad vəziyyətə qoyub ki, kiminsə bu məsuliyyəti boynuna götürmək cəsarəti yoxdur, buna cəhd etsə belə, uğursuz olacaq. Addımlarına diqqətlə baxanda isə Seymur Həzinin bu təşəbbüsə daha çox meyilli olduğu görünür, lakin o potensialını xəyanətlə dolu bir ideoloji partiyada reallaşdırmaq mümkün deyil. Hər halda, parçalanmış cəbhə ideoloji xəttinin daşıyıcılarına üz tutmaq daha real variantdır.
Zaman itkisinə mənasız məğlubiyyətlərinizlə yol verməyin, çünki itirilən zaman geri qayıtmır. Əsl həyat, özünə və zamanına dəyər verdiyin andan başlayır. Sonu puç olan bir yolun yolçusu olmayın. Özünüzə, zamanınıza və ətrafınızdakı insanlara həqiqətən dəyər verin.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzininn rəhbəri