Zamana qarşı insan: Qocalma bitirmi?

26.01.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əbülfəz SÜLEYMANLI
Professor
[email protected]

Son günlər dünyada geniş rezonans doğuran Elon Maskın “fikirləşirəm ki, yaxın zamanda insan qocalmasının qarşısını alaraq, hətta onu geri döndərə biləcəyik” məzmunlu açıqlaması, təkcə elmi-texniki bir yenilik kimi deyil, eyni zamanda müasir cəmiyyətin gələcəyinə dair dərin və ciddi sosioloji suallar doğuran bir iddia kimi qiymətləndirilməlidir. Bu açıqlama, biotexnologiyanın imkanları ilə yanaşı, insanın həyat, ölüm, yaşlanma və zaman anlayışına münasibətinin necə dəyişdiyini göstərən simvolik bir göstəricidir.

Demoqrafik baxımdan sürətlə qocalan dünya əhalisi, doğum səviyyələrinin azalması, tək yaşayan insanların artması və ailə institutunun zəifləməsi fonunda bu cür texnoloji vədlər yeni bir “uzadılmış həyat ideologiyası” formalaşdırır. Artıq yaşlanma bioloji qaçılmazlıqdan çox, “idarə edilə bilən problem” kimi təqdim olunur. Bu isə insanı təbii həyat dövrünün subyekti olmaqdan çıxarıb, texnoloji sistemlərin obyektinə çevirmə riskini artırır. Maskın açıqlaması da modern insanın fanilik qorxusu ilə texnologiya arasında qurduğu yeni münasibətin açıq ifadəsidir.

Əslində insanın ölümsüzlük və qocalmaya qarşı müqavimət arzusu yeni deyil. Antik dövrdən başlayaraq filosoflar və alimlər uzun ömür və gəncliyin qorunması yollarını axtarmış, orta əsrlərdə “əbədi həyat iksiri” ideyası bu arzunun simvoluna çevrilmişdir. Bu gün isə həmin istək biotexnologiya laboratoriyalarında davam edir. İsrailli tarixçi və gələcək araşdırmaları üzrə tanınmış alim Yuval Noah Harari də öz əsərlərində gələcəkdə insanların 200–250 il yaşaya biləcəyini və ölümün tədricən “texniki problemə” çevriləcəyini vurğulayır. Bu yanaşmalar göstərir ki, uzunömürlülük artıq mifoloji arzu deyil, elmi layihə mərhələsinə keçmək üzrədir.

Müasir cəmiyyətlərdə yaşlanma artıq sadəcə fiziki zəifləmə prosesi kimi deyil, sosial baxımdan “idarə olunmalı mərhələ” kimi qəbul edilir. Qocalar evlərinin artması, aktiv yaşlanma proqramları, anti-aging sənayesinin sürətlə böyüməsi və “daimi gənclik” ideologiyasının mediada normallaşdırılması bunun göstəricisidir. Yaşlılıq getdikcə “təxirə salınmalı problem” kimi təqdim olunur.

Bu cür texnoloji vədlər eyni zamanda sosial bərabərsizliyi də dərinləşdirə bilər. Əgər yaşlanmanın qarşısının alınması yalnız müəyyən iqtisadi təbəqələrin əlçatanlığında olacaqsa, gələcəkdə “bioloji elitlər” və “bioloji məhdudlar” arasında yeni təbəqələşmə yarana bilər. Bu zaman sosial fərqlər yalnız gəlir səviyyəsində deyil, birbaşa insan ömrünün uzunluğunda özünü göstərəcək.

Sosioloji baxımdan bu proses, insanın bədəni üzərində suverenliyinin tədricən texnologiyaya ötürülməsi kimi də oxuna bilər. Keçmişdə insan taleyini təbiətin ritmləri müəyyən edirdisə, bu gün həmin rol laboratoriyalara, süni intellekt sistemlərinə və korporativ tədqiqat mərkəzlərinə keçir. Yaşlanma artıq “alın yazısı” deyil, “texniki problem” statusu qazanır.

Eyni zamanda bu müzakirə, müasir insanın ölüm anlayışı ilə barışmaqda yaşadığı çətinliyin göstəricisidir. Postmodern dövrdə ölüm gündəlik diskursdan kənarlaşdırılır, mediada isə daim gənc və “ölümsüz” obrazlar ön plana çıxarılır. Yaşlanmaq sanki uğursuzluq kimi təqdim olunur. Bu mədəni fon üzərində Maskın açıqlaması daha da mənalı görünür: texnologiya artıq insana yalnız rahatlıq deyil, “ölümsüzlük vədi” də verir.

Lakin əsas sual dəyişmir: insan doğrudanmı daha uzun yaşamaqla daha mənalı yaşayacaq? Yaşın uzadılması avtomatik olaraq həyatın keyfiyyətinin artması deməkdirmi? Sosial bağların zəiflədiyi, tənhalığın normaya çevrildiyi bir dövrdə uzadılmış həyat insanı daha xoşbəxt edəcəkmi, yoxsa daha uzunmüddətli tənhalığa məhkum edəcəkmi?

Bu baxımdan qocalmanın qarşısının alınması ideyası yalnız tibbi deyil, həm də ciddi etik və sosial məsuliyyət tələb edir. Cəmiyyətlər bu dəyişikliklərə hazırdırmı? Pensiya sistemləri, əmək bazarları və ailə strukturları bu yeni reallığa uyğunlaşa biləcəkmi? Əgər insanlar 120–150 il yaşamağa başlayarsa, “gənclik”, “orta yaş” və “qocalıq” anlayışları necə dəyişəcək?

Nəticə etibarilə Elon Maskın açıqlaması gələcək haqqında romantik fantaziyadan çox, müasir dünyanın gizli qorxularını və arzularını üzə çıxarır. İnsan artıq yalnız təbiətlə deyil, zamanla da mübarizə aparmaq istəyir. Lakin bu mübarizənin qalibi olmaq insanı daha az fani, yoxsa daha çox asılı edəcək - bu sual hələ açıq qalır.

Burada ən vacib sual budur: qocalmanı dayandırmış insan hələ də klassik mənada Homo sapiens olaraq qalacaqmı, yoxsa Yuval Noah Hararinin xüsusilə Homo Deus və 21-ci əsr üçün 21 Dərs əsərlərində işarə etdiyi kimi, müxtəlif risklərdən qorunmaq üçün çiplərlə təchiz olunmuş, tədricən bioloji varlıqdan texnoloji obyektə çevrilən yeni bir “insan tipinə” mi transformasiya edəcək? Və biz, fərqinə varmadan, insanlıq tarixinin ən böyük sosial və bioloji eksperimentlərindən birinə hazırlaşırıqmı?

Bəlkə də əsas məsələ ömrü uzatmaq deyil, mövcud ömrü daha mənalı, daha ədalətli və daha insani şəkildə yaşamaqdır. Texnologiya insanın həyatını uzada bilər, amma ona məna qazandıra bilməz. Məna isə hələ də insanın öz əlindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью