Zaqatalada arıçılar bal yarmarkasına hazırlaşırlar

07.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Zaqatala, 7 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 26-cı respublika sərgi-satış yarmarkası keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da rayon arıçıları bal yarmarkasına hazırlaşır.

Rayon Arıçılar Assosiasiyasının sədri Mövləddin Qurbanəliyev bildirib ki, rayonda 41 min arı ailəsi qeydiyyatdadır. Son illər bu sahəyə marağın xeyli artdığını deyən sədr əlavə edib ki, rayonda 670 nəfər rəsmən arıçılıqla məşğuldur. Bununla yanaşı, onlarla insan var ki, bu sahədə ilk addımlarını atır, təcrübə qazanır, yaxud da az sayda arı ailəsi saxlayaraq sadəcə ailəsinin qida təminatını həyata keçirir. “Əlbəttə, bu balaca bir rayon üçün heç də pis nəticə deyil. Onu da diqqətə çatdırım ki, hər bir arı ailəsindən orta hesabla 15-20 kiloqram bal əldə olunursa, bu da insanların həm qidası, həm də sataraq maddi gəlirlərini artırması üçün gözəl mənbədir”, - deyən Mövləddin Qurbanəliyev sözlərinə onu da əlavə edib ki, ötənilki sərgi-satış yarmarkasına rayondan 25-ə yaxın arıçı qatılıb və orta hesabla 10 tona yaxın məhsul sata biliblər.

“İldən-ilə yarmarkaya maraq artır. Bu il də xeyli sayda arıçılarımız yarmarkada iştirak üçün qeydiyyatdan keçib”, -deyən müsahibimiz sərgi-satış yarmarkaların əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu müddətdə arıçılar digər bölgələrdən olan həmkarları ilə təmasda olur, təcrübə və fikir mübadiləsi aparır, eyni zamanda çox sayda alıcı ilə təmas quraraq öz məhsullarını təqdim edirlər.

Assosiasiya sədri Zaqatalanın dağlıq ərazisində Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə dəstəyi ilə “Boz Qafqaz dağ arı cinslərinin damazlıq” təsərrüfatında işlərin uğurla davam etdiyini, hər il bu cinsin mühafizəsi, inkişafı məqsədilə tədbirlər görüldüyünü, yerli və xarici mütəxəssislərlə birgə layihələr icra olunduğunu diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью