Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dünən həqiqətən çox məyus olduq. Oyun istədiyimiz kimi alınmadı. Görünən budur ki, hardasa boşluq vermişəm. Məsuliyyət mənim üzərimdədir”.
Bu sözləri Birinci Liqa təmsilçisi “Zaqatala” futbol komandasının baş məşqçisi Rakif Əliyev dördüncü tur çərçivəsində lider “Şahdağ Qusar”a qarşı keçirilən matçdakı 0:6 hesablı ağır məğlubiyyəti şərh edərkən deyib.
Mütəxəssis yenilginin məsuliyyətini öz üzərinə götürərək rəqibin üstün oyununu xüsusi vurğulayıb.
“Rəqibi təhlil etmişdik, futbolçuları da bu barədə məlumatlandırmışdıq. Oyunçular meydanda tapşırıqları yerinə yetirməyə çalışsalar da, istədiklərimizi həyata keçirmək mümkün olmadı. Futbolçuları günahlandırmıram, məğlubiyyətə görə mən cavabdehlik daşıyıram. “Şahdağ Qusar” bütün oyun komponentlərində bizdən üstün görünürdü. Keyfiyyətli oyunçulardan qurulmuş, döyüşkən rəqiblə qarşılaşdıq. Oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Rəqibə uğurlar arzulayıram. Biz də çalışacağıq ki, gələcəkdə belə səhvləri təkrarlamayaq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.