Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyanın aparıcı geyim brendlərindən biri olan Zara müştərilərinə aid bəzi məlumatların kibercinayətkarların əlinə keçdiyini təsdiqləyib. Şirkətin sahibi olan Inditex Qrupu hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumata görə, aprelin 14-də şirkətin əməkdaşlıq etdiyi üçüncü tərəf analitik platformalarından birində icazəsiz giriş aşkarlanıb. Araşdırmalar nəticəsində bəzi istifadəçilərin alış-veriş tarixçəsi, internetdəki davranış məlumatları, cihaz identifikatorları və müştəri xidmətləri ilə yazışmalarının sızdırıldığı müəyyən edilib.
Şirkət bildirib ki, hadisə nəticəsində bank kartları, ödəniş məlumatları və istifadəçi şifrələri təhlükəyə məruz qalmayıb. Mövcud təhlükəsizlik sistemlərinin maliyyə məlumatlarını qorumağa imkan verdiyi vurğulanıb.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, məlumat sızmasından sonra istifadəçilər saxta e-poçtlar, mesajlar və fişinq hücumları ilə qarşılaşa bilərlər. Bu səbəbdən vətəndaşlara naməlum mənbələrdən gələn keçidlərə daxil olmamaq və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə edilir.
Zara rəhbərliyi hadisə barədə aidiyyəti nəzarət orqanlarına məlumat verildiyini və kibertəhlükəsizlik üzrə araşdırmaların davam etdiyini açıqlayıb. Şirkət müştəri məlumatlarının qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü də bildirib.
Lətifə Abdıyeva