Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının “Şəfa” klubunun baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının doqquzuncu turunda “Kəpəz”ə 1:2 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının yenə görüşə uğursuz başladığını, lakin fasilədən sonra təşəbbüsü ələ alaraq hesabda önə keçdiyini deyib. Bununla belə, “Şəfa” sonradan iki qol buraxaraq növbəti məğlubiyyətlə üzləşib.
“Təəssüf ki, yenə məğlubiyyəti şərh etməli oluram. Oyuna pis başladıq, amma sonra toparlandıq. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol vurub hesabda önə keçdik. Uğursuz epizoddan sonra qapımıza penalti təyin olundu, rəqib hesabı bərabərləşdirdi, ardınca isə daha bir qol vurdu”, - deyə Həşimov bildirib.
Baş məşqçi futbolçuların nəticə qazanmasına mane olan psixoloji gərginliyə də toxunub:
“Uşaqlar həddindən artıq gərgindirlər və bu vəziyyətdən heç cür çıxa bilmirlər. Oyun baxımından pis təsir bağışlamırıq. Ötən turda da hesabda öndə idik, amma sonda məğlub olduq. Bilmirəm, bu, təcrübəsizliklə bağlıdır, yoxsa bəxtsizlikdir, amma vəziyyət üzücüdür. Hazırda bizim üçün çox çətindir”.