Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 22-də xəbər yayıldı ki, “Xəzər Lənkəran”ın sabiq oyunçularından Zaur Ramazanovla Alim Qurbanov, eləcə də Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Türkiyədə “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla görüşüb. Sonradan aydın oldu ki, Mübariz bəy “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa etməkdə maraqlıdı. Hətta o 2-ci liqada çıxış etməsi planlaşdırılan klubun xərclər smetasının hazırlanmasıyla bağlı tapşırıq da verib.
O vaxtdan bəri Zaur Ramazanovun AFFA-nın binasına yollanması, orda rəhbər şəxslərlə görüşüb məsələylə bağlı detalları müzakirə etməsi gözlənilir. Ancaq Zaur bəyin yolu hələ də federasiyaya düşməyib.
Bu barədə “Football-plus.az” veteran futbolçunun özü məlumat verdi. Əlavə etdi ki, görüş bu həftə baş tutacaq. Ancaq hansı gün olacağı dəqiq deyil.
Bu arada yaxın günlərdə “Xəzər Lənkəran”la “Neftçi”nin veteran futbolçularının iştirakıyla yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır. Matçın təşəbbüskarları Alimlə Zaurdu. Görüş cənub təmsilçisinin 2006/07 mövsümündə qazandığı ilk çempionluğun 20 illik yubileyinə həsr olunacaq və Lənkəran şəhər stadionunda keçiriləcək. Ramazanovdan bu haqda da bilgi almağa çalışdıq:
“Bu yöndə işlər davam edir. Hələ ki heyətlər dəqiq müəyyənləşməyib. Matçın tarixinə gəlincə, hamı üçün uyğun vaxt olmalıdı. Bu səbəbdən hələ dəqiq nəsə yoxdu”.
KƏNAN BAHADIR