Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT üzrə tərəfdaş ölkələrin İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə bağlı açıqlamalarını anlaşılmaz adlandırıb.
Globalinfo.az-ın xəbərinə görə, Paşinyan daha əvvəl bildirib ki, KTMT-yə üzv ölkələr Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə zəmanət verməkdən, eləcə də İrəvanın əvvəlcədən ödəniş etdiyi yüz milyonlarla dollar dəyərində silah və hərbi texnika tədarükündən imtina ediblər.
Baş nazirin fikrincə, bu addımlar ölkə üçün “ekzistensial təhlükə” yaradıb və Ermənistan dövlətçiliyinin məhv edilməsi, suverenliyinin ləğvi barədə qərarın verildiyini göstərir.
Bəyanatları şərh edən Mariya Zaxarova bildirib ki, bu cür ifadələr bir-biri ilə əlaqəsiz iddialar təsiri bağışlayır və əlavə izah tələb edir. Zaxarova qeyd edib ki, kontekstdən çıxış etsək, Paşinyanın sözləri Qarabağla bağlıdır. Lakin o vurğulayıb ki, Qarabağın hüquqi baxımdan Ermənistanın tərkib hissəsi kimi tanınması ilə bağlı hər hansı qərar ona məlum deyil.
“Paşinyanın ora gedib rəqs etdiyini xatırlayıram. Amma bu ərazinin Ermənistanın tərkibinə daxil edilməsi və ya hüquqi tanınması barədə məlumatım yoxdur”, – deyə Zaxarova vurğulayıb.
Əliyar Xəlil