Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimi keçiriləcək.
Mərasim 4 fevral 2026-cı il tarixində baş tutacaq. Bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcək.
Prezidentimizin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıq və multikultural dəyərlər sahəsində mövqeyini necə əks etdirir?
"Cebheinfo.az”-a açıqlamasında Millət Məclisinin deputatı Müşfiq Məmmədli bildirib ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə dövlət başçısına verilən fərdi mükafat deyil, eyni zamanda Azərbaycanın son illər ərzində həyata keçirdiyi humanist, multikultural və dialoqa əsaslanan dövlət siyasətinə verilən beynəlxalq qiymətdir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevə bu mükafatın təqdim olunması onun şəxsi nüfuzu ilə yanaşı, dövlətin siyasi-fəlsəfi kursuna, xalqın tolerantlıq mədəniyyətinə və Azərbaycanın beynəlxalq məsuliyyət anlayışına verilən yüksək dəyərin ifadəsidir:
“Bu mükafatın məhz humanizm, xalqlar və dinlərarası anlaşma, sülh və birgəyaşayış dəyərlərini təşviq edən liderlərə təqdim edildiyini nəzərə alsaq, qəbul olunan qərarın məntiqi və siyasi-fəlsəfi əsasları aydın görünür.
Burada birinci məqam ondan ibarətdir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və dini tolerantlıq konstitusion dəyərdən real dövlət praktikasına çevrilib.
Müxtəlif dinlərə və etnik qruplara mənsub insanların ölkəmizdə sülh və qarşılıqlı hörmət şəraitində yaşaması, dini abidələrin qorunması və bərpası, dövlət tərəfindən dini icmalara bərabər münasibətin göstərilməsi kağız üzərində deyil, konkret faktlarla təsdiqlənən siyasətdir.
Bu baxımdan, dövlətimizin başçısına verilən mükafat Azərbaycanın sivilizasiyalararası dialoq platforması kimi rolunun beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir”.
Deputat qeyd edib ki, ikinci mühüm məqam qlobal çağırışlar fonunda Azərbaycanın nümayiş etdirdiyi mövqedir:
"Müasir dünyada dini, milli və mədəni zəmində qarşıdurmaların artdığı bir dövrdə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan qarşıdurma deyil, əməkdaşlıq modeli təklif edir.
Bakı prosesi, humanitar forumlar və dinlərarası dialoq tədbirləri təsadüfi təşəbbüslər deyil, ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" bu mənada Azərbaycanın birləşdirici mövqeyinə göstərilən beynəlxalq etimadın göstəricisidir".
O vurğulayıb ki, mükafatın həm siyasi, həm də simvolik əhəmiyyəti var:
"Bu mükafat onu göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyəti regional çərçivəni aşaraq qlobal humanist gündəmlə uzlaşır. Dövlət başçısının sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan yanaşması yalnız daxili sabitliyə deyil, beynəlxalq münasibətlərdə də konstruktiv dialoqun inkişafına xidmət edir. Bu isə Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir.
Növbəti həftə keçiriləcək təqdimetmə mərasimi sadəcə protokol xarakterli tədbir deyil. Bu mərasim Azərbaycanın humanitar və mənəvi dəyərlərə əsaslanan dövlət modelinin təqdimatı, Prezident İlham Əliyevin dünya miqyasında lider kimi qəbul olunmasının növbəti təsdiqi, ölkəmizin sülh, tolerantlıq və birgəyaşayış ideyalarının daşıyıcısı kimi mövqeyinin daha da güclənməsi deməkdir”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: “Zayed İnsan Qardaşlığı Mükafatı” Müşfiq Məmmədli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin