Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 noyabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.
Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən, Zəfərin qazanılmasında xalqımızın rolundan, döyüşçülərimizin göstərdikləri igidlik nümunələrindən danışılıb, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağı əminliklə vurğulanıb. Şanlı Qələbəmizdən keçən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq işlərindən geniş söhbət açılıb.
Tədbirlər çərçivəsində şəxsi heyət arasında vətənpərvərlik ruhunun və qələbə əzminin yüksəldilməsi, Vətənə və dövlətə sədaqət hissinin möhkəmləndirilməsi məqsədilə dəyirmi masalar təşkil olunub. Görüşlər zamanı döyüş əməliyyatlarında əldə edilmiş qələbələr, onların tarixi əhəmiyyəti və qəhrəmanlıq nümunələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxlar nümayiş etdirilib. Hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də yerli mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər təşkil edilib. Təqdim olunan proqramlar hərbi qulluqçular tərəfindən böyük maraqla izlənilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin estetik dünyagörüşünün zənginləşdirilməsi, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda formalaşdırılması və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi olub.
Yekunda xidməti vəzifələrinin icrasında fərqlənən, nümunəvi davranışı və yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.