Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı və unudulmaz günlərdən biridir. Bu əlamətdar tarix xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulmasının, milli birliyimizin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Zəfər Günü müstəqillik tariximizin ən böyük nailiyyətlərindən biri olmaqla yanaşı, gələcək nəsillər üçün vətənpərvərlik, əzmkarlıq və milli qürur nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O qeyd edib ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqına ağır faciələr yaşadıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə soydaşımız həyatını itirmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. İşğal illərində xalqımız doğma yurdlarına qayıtmaq arzusu ilə yaşamış, dövlətimiz isə ərazi bütövlüyümüzün bərpasını əsas strateji hədəf kimi müəyyən etmişdi.
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və prinsipial siyasət Azərbaycanın tarixi Zəfərinin əsasını qoydu. Ölkəmiz bir tərəfdən beynəlxalq hüquq çərçivəsində sülh danışıqlarını davam etdirir, digər tərəfdən isə güclü dövlət və qüdrətli ordu quruculuğunu həyata keçirirdi. Hərbi büdcənin artırılması, müasir silah və texnikanın alınması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və müdafiə sənayesinin inkişafı Azərbaycan Ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirmişdi.
Xüsusilə yerli hərbi sənaye kompleksinin inkişafı ölkəmizin müdafiə potensialının artırılmasında mühüm rol oynayıb. Müxtəlif növ hərbi texnikanın, pilotsuz uçuş aparatlarının, zirehli maşınların və digər hərbi təyinatlı məhsulların istehsalı Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin göstəricisidir. Bütün bu hazırlıqlar 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində öz real nəticəsini göstərdi", - deyə N. Aslanov vurğulayıb.
Deputat qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan qurtardı. Müzəffər Ordumuzun şücaəti, xalqımızın Ali Baş Komandan ətrafında sıx birliyi və əsgər və zabitlərimizin fədakarlığı nəticəsində tarixi ədalət bərpa olundu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən mühüm hərbi və siyasi hadisəyə çevrildi. Məhz həmin gün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik və qəhrəmanlıq tarixində yeni bir səhifə açıldı.
“Bu Zəfərin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı dayanır. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Zəfər Günü yalnız keçmişin qürurverici hadisəsi deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi Azərbaycanın sülhə, inkişafa və tərəqqiyə sadiqliyini nümayiş etdirir.
Bu gün 8 Noyabr – Zəfər Gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edirik. Bu möhtəşəm tarix bir daha sübut edir ki, milli birlik, güclü dövlətçilik və Vətən sevgisi xalqı ən böyük məqsədlərinə çatdırmağa qadirdir. Azərbaycan xalqı öz qəhrəmanlıq tarixini heç vaxt unutmayacaq, müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü daim qoruyacaq”, - deyə N. Aslanov əlavə edib.