Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, İdarə Heyəti üzvləri, kollektivi, eləcə də könüllülər iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların Vətən qarşısında göstərdikləri fədakarlığın ehtiramla anılması, eləcə də Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətinin yaşadılması məqsədilə keçirilən ağacəkmə aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyası şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü, təbiətin qorunması və gələcək nəsillər üçün yaşıl irsin formalaşdırılmasına xidmət edib.