® Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetində silsilə tədbirlər təşkil olunub

06.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində əvvəlcə universitetin rəhbərliyi ATU-nun həyətində Vətən müharibəsində şəhid olmuş məzunların xatirəsinə ucaldılan memorial kompleksi ziyarət edib. Rektor, professor Gəray Gəraybəyli və universitetin rəhbər heyəti abidə önünə gül dəstələri qoyaraq Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş məzunların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra universitetdə şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Gəray Gəraybəyli şəhid ailələrini Zəfər Günü münasibətilə təbrik edərək, bu möhtəşəm tarixin Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və gələcək nəsillərin təfəkküründə daim yaşayacağını bildirib.

O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin yalnız hərbi uğur deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, dövlətə və Vətənə bağlılığının təntənəsi olduğunu vurğulayıb. Qeyd edib ki, şanlı Zəfər uzun illər davam edən işğala son qoyaraq xalqımızın tarixi ədaləti bərpa etmək arzusunu gerçəkləşdirib.

“Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, qazilərimizin fədakarlığı və onların ailələrinin çəkdiyi mənəvi ağrı bu tarixin ayrılmaz hissəsidir. Zəfər tarixini yaşatmaq həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərinə – şəhidlərimizə, qazilərimizə və onların doğmalarına ehtiram göstərmək deməkdir”, – deyə rektor vurğulayıb.

O, tarixi Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin, dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin sistemli şəkildə gücləndirilməsinin nəticəsi olduğunu xüsusi vurğulayıb.

Gəray Gəraybəyli torpaqlarımızın azad ediləcəyinə, doğma yurda qayıdışın mütləq gerçəkləşəcəyinə əminliyin dəfələrlə ifadə olunduğunu xatırladaraq deyib: “Bu gün həmin arzuların reallığa çevrilməsi xalqımızın iradəsinin və dövlətimizin qətiyyətinin təntənəsidir”.

Rektor Prezident İlham Əliyevin Azərbaycanın qələbəyə aparan yolunu, zamanını və strategiyasını əvvəlcədən müəyyənləşdirdiyini bildirərək, Vətən müharibəsinin cəmi 44 gün ərzində regionun siyasi və hərbi mənzərəsini köklü şəkildə dəyişdiyini qeyd edib.

Zəfər Gününün hər bir azərbaycanlının qəlbində qürur, minnətdarlıq və məsuliyyət hissi yaradan müqəddəs tarix olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, bu günün mənəvi yükü, ilk növbədə, Vətən uğrunda ən qiymətli varlığını – övladını fəda etmiş şəhid ailələrinin üzərinə düşür.

Professor şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.

Görüşdə çıxış edən şəhid anası Mətanət Nəcəfova Zəfər Gününün Azərbaycan xalqına yaşatdığı qürur və sevinc hisslərindən danışıb. O, Vətən müharibəsinin ilk günündən son gününədək xalqımızın dövlət başçısının ətrafında sıx birləşərək ordumuza hərtərəfli dəstək göstərdiyini vurğulayıb. Şuşanın azad edilməsini xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm hadisələrindən biri kimi dəyərləndirən şəhid anası bu tarixi Zəfərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Mətanət Nəcəfova şəhid ailələrinə göstərilən diqqətə, qayğıya və mənəvi dəstəyə, onları daim diqqət mərkəzində saxladıqlarına görə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxışında şəhid ailələrinə diqqət və qayğının universitet rəhbərliyinin və kollektivinin fəaliyyətində daim prioritet təşkil etdiyini bildirib.

C.Qasımov universitet rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin şəhid ailələri ilə əlaqələrin davamlı saxlanılmasına, onların qayğı və ehtiyaclarının diqqətdə tutulmasına xüsusi önəm verdiyini vurğulayıb. O, həmçinin şəhid ailələrinin üzvlərinin may ayında Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən “Təbib” İstirahət Mərkəzinə göndəriləcəyini diqqətə çatdırıb.

Daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Rəsm klubunun təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş sərgi ilə tanışlıq olub. Sərgidə Vətən sevgisi, milli-mənəvi dəyərlər, tarixi Qələbə və qəhrəmanlıq mövzularını əks etdirən rəsm əsərləri, eləcə də tələbələrin hazırladıqları müxtəlif toxuculuq nümunələri nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью