Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 5 noyabr, AZƏRTAC
Milli Kitabxanada 8 Noyabr – Zəfər Günü münasibətilə “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi və eyniadlı elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə, Azərbaycan Ordusunun qəhrəmanlığına, şəhidlərimizin və qazilərimizin şücaətinə, işğaldan azad olunmuş torpaqlarımızın tarixinə, mədəniyyətinə və zəngin irsinə həsr olunmuş Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş edilib.
“8 Noyabr – Zəfər Günü” adlı elektron məlumat bazasında isə tarixi Qələbəmizə dair kitablar, dövri mətbuat materialları, məqalələr və digər informasiya resursları sistemləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Elektron məlumat bazası mövzu ilə bağlı araşdırma aparan tədqiqatçılar, alimlər, tələbələr və geniş oxucu auditoriyası üçün əhəmiyyətli informasiya mənbəyidir.
Virtual sərgi və elektron məlumat bazasının hazırlanmasında əsas məqsəd 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, xalqımızın şanlı Qələbəsini əks etdirən nəşrləri və informasiya resurslarını geniş ictimaiyyətə çatdırmaq, milli yaddaşımızı yaşatmaq və gələcək nəsillərə ötürməkdir.