Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Noyabrın 8-də Estoniyanın paytaxtı Tallinndə Azərbaycanın şanlı Zəfər Gününün 6-cı ildönümü münasibətilə bayram tədbiri keçirilib. Estoniya Azərbaycan İcması “Birlik”in təşkilatçılığı ilə baş tutan tədbirdə bu ölkədə yaşayan azərbaycanlı soydaşlarımız, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri bir araya gələrək xalqımızın müasir tarixində müstəsna əhəmiyyətə malik olan bu əlamətdar günü böyük sevinc, qürur və milli həmrəylik duyğuları ilə qeyd ediblər.
Vətəndən uzaqda keçirilən bayram mərasimi bir daha göstərib ki, Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş Zəfər sevinci coğrafi sərhədlər tanımır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün 8 Noyabr – Zəfər Günü Vətənə bağlılığın, milli birliyin, tarixi ədalətin və xalqımızın yenilməz iradəsinin rəmzidir.
Tədbirdə Azərbaycan Respublikasının Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Nemət Nağdəliyev də iştirak edib. Səfir həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edərək onların bayram sevincinə şərik olub. Onun tədbirdə iştirakı Azərbaycanın diplomatik nümayəndəliyi ilə Estoniyada yaşayan soydaşlarımız arasında əlaqələrin, milli həmrəyliyin və diaspor fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirib.
Bayram mərasiminə Estoniyada yaşayan və müxtəlif ali təhsil müəssisələrində təhsil alan çoxsaylı azərbaycanlı gənclərin qatılması da xüsusi əhəmiyyət daşıyıb. Müxtəlif yaş və nəsilləri təmsil edən soydaşlarımızın bir araya gəlməsi tədbirə yalnız bayram ovqatı deyil, həm də milli-mənəvi bağlılıq və varislik ruhu gətirib.
Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılar tərəfindən bir nəfər kimi, böyük qürur və ehtiram hissi ilə səsləndirilib. Himnin Tallinndə yaşayan azərbaycanlıların dilindən ucalması, əslində, onların doğma Vətənə mənəvi bağlılığının, milli kimliyinə sədaqətinin və Zəfər tariximizə ehtiramının ifadəsi olub.
Mərasimdə çıxışına “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” sözləri ilə başlayan Estoniya Azərbaycan İcması “Birlik”in həmsədri Zakir Mirijev Zəfər Gününün xalqımızın tarixindəki müstəsna yerindən, bu qələbənin arxasında dayanan milli birlikdən və Vətən sevgisindən danışıb. O, çıxışında bildirib ki, Azərbaycan torpaqlarını Vətən edən yalnız onun coğrafi sərhədləri deyil, həm də bu torpaq uğrunda canından keçən şəhidlərin qanı, xalqımızın sonsuz sevgisi və tariximizin yaddaşıdır.
Zakir Miriyev bu müqəddəs irsin qorunmasının, Vətənə sevginin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd edib. “Bu torpağı bizə Vətən edən şəhidlərimizin qanı, xalqımızın sevgisi və tariximizin yaddaşıdır. Bizim borcumuz isə bu Vətəni qorumaq və ona olan sevgimizi gələcək nəsillərə ötürməkdir”, – deyə icmanın həmsədri vurğulayıb.
O, bütün tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək milli birliyin, həmrəyliyin və Azərbaycançılıq ideyalarının yaşadılmasının vacibliyinə diqqət çəkib.
Tallinndə keçirilən bayram tədbirinə xüsusi rəng qatan məqamlardan biri də Estoniyada təhsil alan istedadlı azərbaycanlı gənc musiqiçilərin təqdim etdiyi konsert proqramı olub. Gənc ifaçıların musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Bayram mərasimi rəsmi hissədən və konsert proqramından sonra da səmimi ünsiyyət şəraitində davam edib. Tallinndə keçirilən bu bayram tədbiri bir daha təsdiqləyib ki, Azərbaycan diasporunun əsas gücü yalnız yaşadığı ölkədə təşkilatlanmasında deyil, həm də milli kimliyini, dilini, mədəniyyətini, tarixi yaddaşını və Vətənə bağlılığını qoruyub yaşatmasındadır.