Zəfər Günü: tarixi ədalətin və birliyin təntənəsi

07.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 noyabr, AZƏRTAC

8 Noyabr- Zəfər Günü bizə yalnız torpaqlarımızı deyil, milli ləyaqətimizi, qürurumuzu və gələcəyimizə olan sarsılmaz inamımızı qaytaran gündür. Hər birimiz yaxşı xatırlayırıq: otuz il ərzində “Qarabağ” kəlməsi harada səslənsə, hər bir azərbaycanlının qəlbində dərin bir nisgil, ağrı əks olunurdu. Bu, doğma ocaqlarımızın itkisi, yüz minlərlə soydaşımızın məcburi köçkün həyatı, mədəniyyət abidələrimizin dağıdılması, meşələrimizin yandırılması və ziyarətgahlarımızın təhqir olunması ağrısı idi. Lakin ən çətin illərdə belə qəlbimizdəki bir inam bir anlıq da olsun belə sönmürdü, çünkü ədalətin bir gün zəfər çalacağına və doğma Qarabağ torpağına qayıdacağımıza inanırdıq. O gün gəldi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Gülşən Paşayeva söyləyib. Deputat qeyd edib ki, 2020-ci ilin Böyük Qələbəsi təsadüf deyildi: “Bu Zəfər illərlə yürüdülən məqsədyönlü, düşünülmüş və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsi idi. Bu onilliklər ərzində Azərbaycan tərəfindən görülmüş uzun və şərəfli bir yolun nəticəsi idi. Bu dövr ərzində biz güclü və müstəqil iqtisadiyyat qurduq, diplomatiyamızı inkişaf etdirdik, beynəlxalq əlaqələrimizi möhkəmləndirdik və ən əsası sarsılmaz, müasir və peşəkar bir Ordu formalaşdırdıq. Bu proses 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı. Azərbaycan Ordusunun peşəkarlığının artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirildi və hərbi sənaye kompleksi yaradıldı. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu istiqamətdə fəaliyyət daha da gücləndirildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və Ordusu birləşərək, 44 günlük Vətən müharibəsi zamanı dünyaya yalnız hərbi gücümüzü deyil, həm də sarsılmaz siyasi iradəmizi nümayiş etdirdik”.

O qeyd edib ki, Qələbə döyüş meydanında - səngərlərdə, dağ zirvələrində, keçilməz meşələrdə qazanıldı: “Vətənpərvərlik və torpaq sevgisi ruhunda tərbiyə olunmuş gənclərimiz müasir hərb tarixində analoqu olmayan mərdlik nümayiş etdirdilər. Mədəniyyətimizin tacı olan qədim Şuşanın piyada, sıldırım qayaları dəf edərək azad edilməsi dünya hərb elminin dərsliklərinə misilsiz igidlik nümunəsi kimi daxil oldu.

Xankəndidə, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda və Laçında üçrəngli dövlət bayrağımızın qürurla dalğalanması üçün canlarından keçən müqəddəs Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların şücaəti əbədi, xatirəsi bizim üçün müqəddəsdir. Mərdlikləri və dəyanətləri ilə gələcək nəsillərə nümunə olan qazilərimizə və veteranlarımıza dərin təşəkkürümüzü bildiririk”.

Deputat bildirib ki, 8 Noyabr Qələbəsi yalnız müharibənin başa çatması demək deyil. Bu, Azərbaycan tarixində yeni, böyük bir dövrün başlangıcıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur özünün intibah dövrünü yaşayır. Azad olunmuş torpaqlarda Böyük Qayıdış prosesi həyata keçirilir. Dünən dağıntı və minalı sahə olan yerlərdə bu gün beynəlxalq hava limanları, tunellər, magistral yollar salınır, “ağıllı” kənd və şəhərlər tikilir, tarixi məscidlərimiz, muzeylərimiz bərpa olunur. Qarabağ yenidən sülh, quruculuq, yüksək mədəniyyət və iqtisadi inkişaf məkanına çevrilir. Vətəndaşlarımız dədə-baba ocaqlarına - bir vaxtlar məcburən tərk etdikləri, lakin qəlblərinin həmişə orada qaldığı doğma yurdlarına qayıdırlar.

O əlavə edib ki, Azərbaycanın Qələbəsi bütün regionun geopolitik mənzərəsini dəyişdi: “Biz sübut etdik ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin, gücün və inkişafın əsas zəmanətçisidir. Biz yeni nəqliyyat dəhlizləri açır, xalqları və qitələri birləşdirir, beynəlxalq hüquqa və ədalətə söykənən sülh qururuq.

Zəfər Günü böyük şan-şöhrət bayramı olmaqla yanaşı, həm də üzərimizə düşən böyük məsuliyyətdir. Şəhidlərimizin ruhu və gələcək nəsillər qarşısında borcumuz - dövlətimizin müstəqilliyini göz bəbəyi kimi qorumaq, doğma Azərbaycanımızın tərəqqisi naminə var gücümüzlə çalışmaq, oxumaq və yaratmaqdır. Biz birlikdə olduğumuz müddətdə yenilməzik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью