Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 10 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Günü münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcı kollektivi və solistlərinin iştirakı ilə xüsusi videoçarx hazırlanıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Biz 30 illik həsrəti 44 günə bitirdik!” şüarı altında ərsəyə gələn videoçarx xalqımızın şanlı Zəfər tarixini, Vətənə bağlılığını, şəhidlərimizin əziz xatirəsini və Qarabağın dirçəlişini özündə əks etdirir.
Ekran işinin əsas ideyası müxtəlif fikirlərin vahid məna ətrafında birləşməsinə köklənib. Səsləndirilən hər bir cümlə Zəfərin ayrı-ayrı mənalarını ifadə edərək böyük qürur hekayəsini tamamlayır. Döyüş səhnələrini, tarixi anları, qələbə sevincini və Qarabağda aparılan quruculuq işlərini əks etdirən kadrlar bu mənəvi bütövlüyü daha da gücləndirir.
Layihənin ideya müəllifi Ülviyyə Bəbirova, rejissorları Təhminə Hümbətova və Orxan Qurbanov, montaj rejissoru isə Elnur Ehtiramoğludur.
Videoçarxın ərsəyə gəlməsində Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Qorxmaz Qurbanov, Qarabağ qazisi İdris Hüseynov, həmçinin Ellada Həsənova, Hüseynağa Aslanov, İlhamə Qasımova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli və Rövşən Qəhrəmanov iştirak ediblər.