Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışılıb. İnstitutun baş direktoru professor Nazim Müzəffərli çıxış edərək əməkdaşları Zəfər Günü münasibətilə təbrik edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ölkəmizin müasir tarixində müstəsna yer tutduğunu vurğulayıb. N.Müzəffərli bildirib ki, 8 Noyabr Azərbaycan xalqının milli birliyinin, qətiyyətinin və mübarizə əzminin rəmzinə çevrilib. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi xalqımızın tarixi ədalətin bərpası uğrunda apardığı mübarizənin ən böyük uğurlarından biridir. Bu Qələbə yalnız hərbi nailiyyət deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi qüdrətinin və xalq–ordu birliyinin təntənəsidir. Baş direktor qeyd edib ki, Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkənin ümumi sosial-iqtisadi inkişafına inteqrasiyası istiqamətində geniş imkanlar yaradıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı quruculuq işlərindən danışan baş direktor bu ərazilərdə müasir infrastrukturun yaradılmasını, yaşayış məntəqələrinin bərpasını, iqtisadi fəaliyyətin canlandırılmasını və əhalinin doğma yurdlarına qayıdışını tarixi Zəfərin məntiqi davamı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini, uzaqgörən dövlətçilik siyasətini və Vətən müharibəsinə hazırlıq prosesində həyata keçirilmiş tədbirləri Qələbəni şərtləndirən mühüm amillər kimi dəyərləndirib. Ş.Muradov vurğulayıb ki, güclü dövlətin və qüdrətli ordunun formalaşdırılmasında iqtisadi inkişaf, maliyyə imkanlarının genişləndirilməsi və ölkənin müdafiə potensialının möhkəmləndirilməsi xüsusi rol oynayıb. Azərbaycanın uzun illər ərzində əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirilən məqsədyönlü siyasət və xalqın milli birliyi tarixi Qələbənin mühüm əsaslarını təşkil edib.
İnstitutun şöbə müdiri professor Rəna Sultanova çıxışında 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında qəhrəmanlıq və vətənpərvərlik salnaməsi kimi əbədi yaşayacağını bildirib. O, Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında göstərdikləri şücaəti, fədakarlığı və Vətənə sədaqətini yüksək qiymətləndirib. Tədbirdə Azərbaycanın tarixi Qələbəsinin qazanılmasında əməyi olan hər kəsə, xüsusilə qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunub, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonda qeyd edilib ki, tarixi Qələbənin yaratdığı imkanlardan səmərəli istifadə edilməsi, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması qarşıdakı dövrün mühüm vəzifələrindəndir.